AnalitikaGündəmSiyasət

Gələcəyin təməli məktəbdə qoyulur: bərabərlik, nizam-intizam və dünyəvi təhsil

Məktəb — hər bir uşağın mənşəyindən, sosial statusundan və ailəsinin dini-siyasi baxışlarından asılı olmayaraq bərabər şərtlər altında təlim-tərbiyə aldığı, elmin və işıqlı gələcəyin təməlinin qoyulduğu müqəddəs bir təhsil ocağıdır. Məhz bu səbəbdən, təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunması, dini simvolların məktəb mühitindən kənarda saxlanılması və vahid məktəbli geyiminin təsdiq edilərək tətbiq olunması cəmiyyətin sağlam inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyamıza və təhsil haqqında qanunvericiliyə əsasən, ölkəmizdə dövlət təhsili dünyəvi xarakter daşıyır. Məktəb dini və ya ideoloji təbliğatın, xarici baxışların nümayiş olunduğu bir məkan deyil, elmin, analitik düşüncənin və müasir dünyagörüşünün aşılandığı bir mühitdir. Məktəblərdə dini geyim elementlərinin məhdudlaşdırılması heç bir halda inanc azadlığına müdaxilə kimi qiymətləndirilə bilməz; əksinə, bu adım məktəbin sırf təhsil və təlim missiyasına fokuslanmasını təmin edən vacib hüquqi və nizam-intizam qaydasıdır.

Vahid məktəbli geyiminin təsdiq edilərək tətbiq olunması şagirdlər arasında sosial-iqtisadi və dünyagörüşü fərqliliklərinin qabartılmasının qarşısını alır. Müxtəlif geyim üslubları və ya dini simvollar azyaşlılar arasında fərqliləşməyə, psixoloji qütbləşməyə və hətta kənarlaşdırma hallarına gətirib çıxara bilər. Bütün şagirdlərin eyni formada məktəbə gəlməsi hər bir uşağın özünü bərabərhüquqlu və dəyərli hiss etməsinə şərait yaradır, maddi fərqliliklərdən qaynaqlanan psixoloji təzyiqləri aradan qaldırır və onlar arasında möhkəm yoldaşlıq ruhunu formalaşdırır. Bundan əlavə, məktəb yaşlı uşaqların xarici təsirlər və ya ailə təzyiqi ilə dini geyim qaydalarına yönləndirilməsi onların şəxsi inkişafı və gələcəkdə müstəqil seçim etmə imkanları baxımından düzgün hesab olunmur. Vahid standart uşaqları erkən yaşda psixoloji yüklərdən qoruyur, onların diqqətini tamamilə elmi biliklərə, yaradıcılığa, idmana və sosial inteqrasiyaya yönəltməyə imkan verir.

Nizam-intizam olan yerdə hər zaman keyfiyyət və inkişaf var. Vahid geyim qaydaları məktəblərdə intizamı möhkəmləndirir, şagirdlərdə qanunlara, qaydalara və bir-birinə hörmət hissini aşılayır. Bu, həm müəllimlərin daha rahat və effektiv tədris aparmasına, həm də şagirdlərin daha təhlükəsiz və nizamlı bir mühitdə oxumasına şərait yaradır. Yekun olaraq, təhsil müəssisələrində vahid məktəbli formasının təsdiqi və dünyəvi təhsil prinsiplərinə riayət olunması ölkəmizin gələcəyi üçün atılmış mühüm addımdır. Məktəblərimiz nizam-intizamın, bərabərliyin və elmin ünvanı kimi qaldıqca, yetişən yeni nəsil də daha savadlı, geniş dünyagörüşlü və sağlam təfəkkürlü olacaqdır.

Səltənət Möhsünlü,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button