“Dövlət İqtisad Universitetlərinin Birliyi”nin təsis edilməsi barədə razılıq əldə olunub
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarəolunması departamentinin direktoru professor Zahid Məmmədov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Avrasiya iqtisadi perspektivi” beynəlxalq forumunda iştirak edib.
Hər il təşkil olunan forumun məqsədi Avrasiya iqtisadi inteqrasiyası çərçivəsində parlamentlərarası, təhsil, elm və digər sahələr üzrə əməkdaşlığı inkişaf etdirməkdir.
İcxeberinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya Dövlət Duması adından Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin təşkilati və elmi dəstəyi ilə keçirilən forumun plenar iclasında UNEC professoru “Avrasiya humanitar əməkdaşlığı: Təhsil, elm və mədəniyyət” mövzusunda çıxış edib. Tədbirdə universitetlərin təhsil və elm sahəsində, xüsusilə də Avrasiya Universitetlər Assosiasiyasına (UNEC daxil olur) üzv olan universitetlər arasında elmi əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və gələcək elmi əməkdaşlıq planları müzakirə olunub.
Forum çərçivəsində professor Zahid Məmmədov aparıcı universitetlərin rəhbərləri ilə görüşdə birgə elmi platformalar və nəşrlərlə bağlı əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşdə UNEC-in təşkilati dəstəyi ilə “Dövlət İqtisad Universitetlərinin Birliyi” cəmiyyətinin təsis edilməsi barədə razılıq əldə olunub.