Analitika

Azərbaycanda azad siyasi dialoq mühiti nümunəsi göstərici kimi təqdim oluna bilər

Demokratik cəmiyyətlərdə siyasi partiyalarla dialoq mütləq şərtdir və Azərbaycanda hələ Ümummilli lider Heydər Əliyevin dövründən başlayaraq, siyasi dialoq təşəbbüsləri gündəmdə olub, buna cəhdlər də göstərilib. Ayrı-ayrı vaxtlarda bu dialoq alınıb, birgə əməkdaşlıq fəaliyyəti ortaya qoyulub, ümummilli məsələlərdə vahid platformadan çıxış edilib və bu əməkdaşlıq həqiqətən də ölkəyə çox böyük fayda gətirib.

Siyasi qüvvələrə seçkilərdə iştirak etmək üçün heç bir qadağa qoyulmayıb. Kütləvi aksiyalarla bağlı müraciətləri hər zaman müsbət cavablandırılıb və etirazlarını icazə verilən müxtəlif meydanlardan sərbəst şəkildə səsləndiriblər. Bu baxımdan siyasi partiyaların böyük əksəriyyəti hakimiyyətin siyasətinə narazı tonda yanaşmayıblar və yanaşmırlar.Lakin əks mövqedə olan partiyalar da olub və indi də var. Onlar hər zaman öz ampulalarında qalıblar. Həmişə dialoqdan qaçıblar, müxtəlif bəhanələrlə hakimiyyət-müxalifət dialoqunu pozmağa çalışıblar. Onlar radikal partiyalar kimi təsnifatlanıblar, çünki heç vaxt konstruktiv mövqedən çıxış etməyiblər. İqtidarla bu gün də bir masa arxasında oturmaq istəmirlər. İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir. Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratiklik prinsiplərinə sadiqliyinin təzahürdür.

Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını vermişlər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır.

İqtidar və müxalifət dialoqunda ölkə üçün əhəmiyyətli məsələlərin müzakirəsi ümumi işin uğurla nəticələnməsinə xidmət etməlidir. Vacib məsələlərin sırasında Qarabağ məsələsi, siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların təkmilləşdirilməsi, ölkəmizin güclənməsi siyasi dialoqların tərkib hissəsi olmalıdır. Cənab Prezidentin hakimiyyəti dövründə siyasi partiyaların normal fəaliyyətini təmin etmək üçün “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması və qüvvəyə minməsi müxalifət partiyaların siyasi proseslərdə açıq və bərabərhüquqlu münasibətlərdə iştirakını təmin edir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Hakimiyyət dialoqa, əməkdaşlığa həmişə açıqdır. Atılmış addımlar siyasi sistemin dayaqlarının daha da möhkəmləndirilməsinə, siyasi dialoqun genişləndirilməsinə, böyük hədəflərə hesablanmış köklü və məqsədyönlü islahatların həyata keçirilməsinə imkan yaradacaqdır.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button