
Azərbaycan ilə Vyetnam arasında münasibətlər müxtəlif tarixi mərhələlərdən keçərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin əsasını qarşılıqlı hörmət, etimad və xalqlar arasında formalaşmış səmimi dostluq təşkil edir. Coğrafi baxımdan bir-birindən uzaqda yerləşən iki ölkə ortaq maraqlar və uzunmüddətli əməkdaşlıq sayəsində yaxın tərəfdaşlara çevrilib.
Azərbaycan–Vyetnam əlaqələrinin tarixi ötən əsrin ortalarına gedib çıxır. Ho Şi Minin 1959-cu ildə Bakıya səfəri bu münasibətlərin inkişafında mühüm hadisə olub. Azərbaycanın neft sənayesi ilə yaxından maraqlanan Vyetnam rəhbəri ölkəmizin sənaye təcrübəsini yüksək qiymətləndirib və bu təcrübədən Vyetnamın inkişafında istifadə edilməsinə xüsusi önəm verib.
Sonrakı illərdə Azərbaycan mütəxəssislərinin Vyetnamın neft sənayesində iştirakı dostluğun əməli əməkdaşlığa çevrildiyini nümayiş etdirib. Neftçilərimizin bilik və təcrübəsi Vyetnamın enerji sektorunun inkişafına töhfə verib. Bu əlaqələr iki ölkənin iqtisadi münasibətlərində möhkəm tarixi əsas yaradıb.
Müasir dövrdə əməkdaşlığın istiqamətləri daha da genişlənib. Enerji, ticarət, nəqliyyat, kənd təsərrüfatı, investisiya və bərpaolunan enerji sahələrində yeni imkanlar mövcuddur. Yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı səfərlər bu imkanların reallaşdırılması üçün əlverişli şərait yaradır.
Azərbaycan və Vyetnamın dostluq münasibətləri keçmişin xatirələri ilə məhdudlaşmır. Bu münasibətlər gələcək nəsillər üçün yeni əməkdaşlıq perspektivləri açır. Əsas məqsəd tarixi etimadı konkret layihələrlə möhkəmləndirmək və iki xalqın rifahına xidmət edən tərəfdaşlığı davamlı inkişaf etdirməkdir.
Zərifə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı



