AnalitikaGündəmSiyasət

Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür

Azərbaycan elminin və səhiyyəsinin tarixində silinməz iz qoymuş görkəmli alim, akademik, ziyalı, mahir oftalmoloq, vəfalı ömür-gün yoldaşı və qayğıkeş ana – Zərifə Əliyeva öz həyatını bütövlüklə tibbə, elmə xidmətə həsr etmiş nadir şəxsiyyətlərdəndir. Onun adı Azərbaycan tibb elminə verilmiş ən böyük töhfələrdən biri kimi daim hörmətlə çəkilir.

Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. O, zəngin və ziyalı ailədə böyümüşdür. Atası, görkəmli dövlət və elm xadimi Əziz Əliyev onun həyatında mühüm rol oynamış, gələcək peşə seçiminə dərin təsir göstərmişdir. Məhz bu mühit Zərifə xanımda elmə, xüsusilə tibb sahəsinə böyük maraq və həkim olmaq arzusu formalaşdırmışdır.

Zərifə Əliyeva əvvəlcə Azərbaycan Tibb Universiteti (keçmiş Dövlət Tibb İnstitutu) təhsil almış, daha sonra isə Moskva şəhərində ixtisasını davam etdirmişdir. O, oftalmologiya sahəsinə xüsusi maraq göstərərək göz xəstəliklərinin öyrənilməsi və müalicəsi istiqamətində dərin araşdırmalar aparmışdır.

Zərifə Əliyevanın əmək fəaliyyəti 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlamışdır. 1940–1950-ci illərdə Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Zərifə xanım fəaliyyətinə məhz bu problemdən başlayır. O, xəstəliyin çox yayıldığı rayonlara gedir, insanlarla görüşür, mühazirələr oxuyur və onların maariflənməsi üçün çalışırdı.

Zərifə xanım oftalmoloq alim kimi daha çox görmə orqanının iltihabi xəstəliklərinin müalicəsinə diqqət yetirirdi. Bununla yanaşı, o, görmə orqanının peşə patologiyasını da araşdırmış və bu sahədə ilk tədqiqatçılardan biri olmuşdur. Hətta ilk dəfə olaraq bu istiqamətdə elmi-tədqiqat laboratoriyası da yaratmışdır.

1977-ci ildə tibb elmləri doktoru olmuşdur. 1980-ci ildə “Əməkdar elm xadimi” adına layiq görülmüşdür. 1981-ci ildə isə SSRİ Elmlər Akademiyasının Averbax mükafatı ilə təltif olunmuşdur. Bu mükafatı alan ilk qadın alim idi. Onun elmi fəaliyyəti təkcə Azərbaycanda deyil, xaricdə də yüksək qiymətləndirilirdi. Xarici həmkarları onu oftalmologiyanın “mirvarisi” adlandırırdılar.

Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də vəfat etmişdir. Amma onun gördüyü işlər bu gün də yaşayır. O, bütün həyatı boyu xalqı üçün çalışmış və Azərbaycan səhiyyəsinə böyük töhfələr vermişdir.

Zərifə xanım hər birimiz üçün nümunədir. Onun zəhməti, ailə dəyərlərinə olan münasibəti, savadı və insanlara olan sevgisi gələcək nəsillər üçün örnək olaraq qalır.

Aysun Quliyeva,
Bakı Slavyan Universiteti – Xarici dil müəllimliyi

Oxşar Xəbərlər

Back to top button