Azərbaycan-Qazaxıstan münasibətlərinin daha da dərinləşməsi xarici siyasət kursumuzun prioritet istiqamətlərindəndir
“Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Son dövrlərdə Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı silsilə səfərləri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin yaranmasına təkan verib”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Qazaxıstan dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Azərbaycan-Qazaxıstan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursununun mahiyyətindən irəli gəlmişdir. Ulu öndərin xarici siyasət doktirinasını uğurla davam etdirən Prezident İlham Əliyev Qazaxıstanla əlaqələrin genişləndirilməsini ilk gündən vacib faktor kimi qəbul etmişdir. Hazırda dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. İki ölkə arasındakı çoxtərəfli əməkdaşlıqlar çərçivəsində tranzit imkanlarının genişləndirilməsi, multimodal nəqliyyat dəhlizlərinin mövcudluğu ilə biznesin inkişafı və investisiya qoyuluşlarının artması Mərkəzi Asiya, Cənubi Qafqaz, ümumilikdə Türk dünyasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcək.
“Nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və alternativlərin yaradılması bu gün beynəlxalq gündəliyin mühüm məsələlərindən biri kimi önə çıxıb. Bu fonda Azərbaycan və Qazaxıstandan keçən Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu daha cəlbedici görünür və tərəflər yeni çağırışlara adekvat olaraq bu müstəvidə əməkdaşlığı genişləndirməkdədirlər”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.
Onun sözlərinə görə, bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.