AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Ağdamın sənaye potensialı Azərbaycanın iqtisadi inkişafına töhfə verəcək

Ağdamın gələcək inkişafında sənaye sektorunun xüsusi yeri vardır. Şəhərin əlverişli coğrafi mövqeyi, nəqliyyat əlaqələri və regionun iqtisadi imkanları burada müasir istehsal sahələrinin formalaşdırılması üçün geniş perspektivlər yaradır. Ağdam Şəhəri Günü münasibətilə şəhərin iqtisadi potensialına nəzər saldıqda aydın görünür ki, qarşıya qoyulan əsas məqsədlərdən biri Ağdamı Qarabağın mühüm sənaye mərkəzlərindən birinə çevirməkdir.

Bu istiqamətdə həyata keçirilən ən əhəmiyyətli layihələrdən biri Ağdam Sənaye Parkıdır. Parkın yaradılması sahibkarlığın təşviqi, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması və yerli iqtisadi resursların səmərəli istifadəsi baxımından mühüm addımdır. Burada yaradılan şərait investorların marağını artırmaqla yanaşı, müasir texnologiyaların istehsal proseslərinə tətbiqinə də imkan verir.

Sənaye Parkının fəaliyyəti yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin edilməsi baxımından da əhəmiyyətlidir. İstehsal müəssisələrinin genişlənməsi müxtəlif ixtisaslara malik mütəxəssislərə tələbat yaradacaq, gənclərin peşə hazırlığı və əmək bazarına inteqrasiyası üçün yeni imkanlar formalaşdıracaq. Bu isə şəhərin sosial-iqtisadi həyatının canlanmasına birbaşa təsir göstərəcək.

Ağdamın sənaye potensialı digər iqtisadi sahələrlə qarşılıqlı əlaqədə inkişaf etməlidir. Kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı, logistika və xidmət sektorunun genişləndirilməsi regionun iqtisadi imkanlarını daha da artıracaq. Sənaye müəssisələri ilə kənd təsərrüfatı arasında yaradılacaq əlaqələr əlavə dəyərin region daxilində formalaşmasına və iqtisadi dövriyyənin genişlənməsinə şərait yaradacaq.

Ağdamın sənaye mərkəzi kimi inkişafı yalnız şəhərin deyil, bütövlükdə Qarabağın iqtisadi gələcəyinə xidmət edir. Müasir istehsal infrastrukturu, əlverişli biznes mühiti və dövlət dəstəyi Ağdamın rəqabətqabiliyyətli iqtisadi məkana çevrilməsi üçün möhkəm zəmin yaradır. Bu proses Azərbaycanın regional inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Cabir Hacıyev,
YAP Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button