AnalitikaGündəmOrdu

26 İyun – Azərbaycan Silahlı Qüvvələrinin Qürur Günüdü

Azərbaycan tarixində elə günlər var ki, xalqımız üçün sadəcə bir təqvim tarixi deyil, milli qürur, həmrəylik və iradənin simvoludur. Bu günlərdən biri də 26 İyundur – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü. Hər il bu tarixdə ölkəmizin hər yerində bayram tədbirləri keçirilir, vətənin keşiyində dayanan əsgər və zabitlərimizə dərin ehtiram bildirilir. Ancaq bu günün arxasında duran mənəvi yük və tarixi önəm daha dərindir.

Silahlı Qüvvələrimizin əsası ilk dəfə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdu. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu cümhuriyyət xalqımızın dövlətçilik tarixində mühüm səhifə oldu. Müstəqil Azərbaycanın ordu quruculuğunun bünövrəsi də məhz həmin dövrdə atıldı. O vaxt yaradılan milli ordu, xalqın özünü müdafiə etmək iradəsinin və suverenliyini qorumaq əzminin təzahürü idi.

Sovet dövründə bu ordu dayandırılsa da, 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsilə Silahlı Qüvvələrin bərpası zəruri və qaçılmaz oldu. 1990-cı illərin əvvəllərindəki çətinliklər, Qarabağ müharibəsi, dövlətçiliyin qorunması uğrunda aparılan mübarizələr – bunların hamısı orduya olan ehtiyacın və önəmin nə qədər böyük olduğunu sübut etdi.

Müstəqillik illərində Azərbaycan dövləti güclü ordu quruculuğunu prioritet sahə kimi qəbul etdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda köklü islahatlar başlandı. Bu yol Prezident İlham Əliyevin dövründə daha da inkişaf etdirildi və Azərbaycan Ordusu regionun ən güclü, peşəkar və müasir ordularından birinə çevrildi.

44 günlük Vətən müharibəsi bunun ən bariz sübutu oldu. Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı işğaldan azad etdi. Bu, təkcə hərbi qələbə deyildi – bu, milli birliyin, əsgərlə xalqın bir amal uğrunda səfərbərliyinin, liderlik və vətən sevgisinin təntənəsi idi. Hər bir şəhidimizin qanı ilə yazılan bu tarix artıq gələcək nəsillər üçün örnək və qürur mənbəyinə çevrilib.

Bugünkü Azərbaycan Ordusu sadəcə keçmişin qəhrəmanlıq mirasına söykənmir. O, eyni zamanda daim inkişaf edən, müasir texnologiyalarla silahlanan, beynəlxalq standartlara cavab verən bir güc strukturu kimi fəaliyyət göstərir. Hərbi təhsil, döyüş hazırlığı, peşəkarlıq və gənc nəslin orduya marağının artırılması bu sistemin əsas sütunlarını təşkil edir.

26 İyun – yalnız ordu forması geyinənlərin deyil, bütün xalqın bayramıdır. Çünki bu gün hər birimizə aiddir: bir ana övladını orduya göndərdiyi üçün, bir müəllim vətənpərvər şagird yetişdirdiyi üçün, bir vətəndaş ordusuna güvəndiyi və ona dəstək verdiyi üçün qürurlanır.

Bu gün Silahlı Qüvvələrimiz təkcə sərhədlərimizi deyil, həm də milli birliyimizi, müstəqilliyimizi, gələcəyimizi qoruyur. Hər birimiz onların arxasında güclü xalqın dayandığını unutmamalıyıq.

Qoy 26 İyun tariximizdə daim güc, qürur və birlik günü kimi yaşasın! Ordumuz yaşasın, dövlətimiz yaşasın, xalqımız daim müzəffər olsun!

Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button