20 Noyabr – Ağdamın azadlıq və Zəfər tarixi

2020-ci il noyabrın 20-si Azərbaycan tarixinə şanlı səhifə kimi daxil oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə nəticəsində Ağdam şəhəri bir güllə belə atılmadan, siyasi-diplomatik yolla işğaldan azad edildi. Bu gün təkcə ağdamlıların deyil, bütün Azərbaycan xalqının qürur və sevinc günüdür.
27 ildən artıq davam edən həsrətə son qoyulması ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ oldu. Ağdamın azad edilməsi həm hərbi, həm də strateji baxımdan böyük əhəmiyyət kəsb edirdi. Şəhərin geri qaytarılması ilə Qarabağın digər ərazilərinin təhlükəsizliyi və gələcək inkişafı üçün möhkəm zəmin yarandı.
Bu tarixi Qələbə şəhidlərimizin qanı, qazilərimizin şücaəti və xalqımızın sarsılmaz birliyi sayəsində əldə olundu. 20 Noyabr – Ağdam Şəhəri Günü kimi təsis edilməsi bu zəfərin əbədiləşdirilməsinə xidmət edir. Bu gün Ağdam yenidən doğulur və öz əvvəlki şöhrətini bərpa etməyə hazırlaşır.
Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri



