Güclü ordumuz milli dövlətçiliyimizin qarantıdır
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra 50 ilə yaxın müddət ərzində ölkədə ordu quruculuğu prosesi dayandı. Yalnız ümummilli lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra hərbi sahədə dirçəlmə başladı. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın qəhrəman sərkərdəsi Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyətə başlaması ölkədə hərbi kadrların hazırlanması prosesini başlatdı, gənclər arasında hərb sahəsinə maraq daha da gücləndi, Azərbaycanda peşəkar zabitlərin hazırlanmasına imkan verdi.Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında hakimiyyətə gəldikdən sonra ölkədə ordu quruculuğu sürətli və davamlı olaraq inkişaf etməyə başladı. Dahi liderin rəhbərliyi ilə hərbi qulluqçuların döyüş peşəkarlığı, döyüş ruhu artırıldı, maddi-texniki təminat yaxşılaşdırıldı, Azərbayan Milli Ordusunun formalaşması prosesi daha da sürətləndi, hərbi təhsil sisteminin inkişafı məqsədilə 1990-cu ildə Hərbi Akademiya yaradıldı.Müstəqillik illərində ordu quruculuğunun davamlı inkişaf etməsinin əsas səbəblərindən biri də Ümummilli liderin siyasəti nəticəsində Azərbaycanın NATO ilə sıx əməkdaşlıq etməsi idi. Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, “Planlaşdırma və analiz prosesi” proqramına, “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na və digər beynəlxalq layihələrə qoşulmasını buna misal göstərmək olar. 1993-cü il noyabrın 1-də Prezidentin müvafiq Fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı. Həmin gün keçirilən ilk iclasda ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə, sosial şəraitin yaxşılaşdırılmasına istiqamətləndirilmiş tədbirlər müəyyən olundu. Bu, olduqca vacib amillər idi və Ümummilli Liderimiz ordu quruculuğuna məhz bu məsələləri həll etməklə başladı. Nəticə etibarilə bu proses dünya təcrübəsinə və milli dəyərlər sisteminə əsaslanmaqla uğurla davam etdirildi. Qısa müddətdə atılan düşünülmüş addımlar öz bəhrəsini verdi – nizami ordu yaradıldı və formalaşmağa başladı.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən inamla, uğurla davam etdirilir. Hərbi sahədə əsaslı islahatlar aparılması ilə yanaşı, ordumuz yeni silah və texnika ilə təchiz edilir. Təminatı yaxşılaşdırmaq üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən müxtəlif təyinatlı silah növləri istehsal edilir. “İstiqlal” snayper tüfəngi bu qəbildəndir. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90-cı və 95-ci ildönümlərində keçirilən paradlarda ordumuzun qüdrəti bir daha dünyaya nümayiş etdirildi. Bu gün təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuz müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır. Yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu və xalqımızın güvənc yeridir.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı