Azərbaycanda sabit siyasi mühitin formalaşması üçün böyük işlər görülüb
Demokratik cəmiyyətlərdə məsələlərə fərqli baxış , fərqli yanaşma və fərqli dəyərləndirmə siyasi qütblər arasında gedən mübarizənin əsas atributlarıdır. Fərqli mövqelər arasında ziddiyyətlərin mövcudluğu da təbii hesab olunur və bu ziddiyyətlərin aradan qaldırılması tarixi təcrübə əsasında formalaşmış siyasi dialoq vasitəsilə həyata keçirilir.
Ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar sözügedən proseslərdə fəal iştirak etməli, milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri tədbirləri görməlidirlər. Görüşlər və gündəlik fəaliyyət dövründə iqtidarla siyasi partiyalar arasında gələcək fəaliyyətin səmərəliliyi naminə yaranmış qarşılıqlı əlaqələrin dərinləşməsində tərəflər maraqlıdırlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”
Ölkəmizdə dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasətinin ilk mərhələsi hesab olunan ötən iki ili xarakterizə edən əsas xüsusiyyətlər vardır.
Ötən iki il “siyasi dialoq” məfhumunun aktuallaşdırılması mərhələsi olması,
Ötən müddət siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi, ötən dövr siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi mərhələsi, qərəzli mövqelərdən çıxış edən tərəflər üçün ötən müddət səhvləri etiraf etmək və siyasi fəaliyyətini yeni təmiz səhifədən başlamaq şansını bəxş edən dövr olması, ötən dövr siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunması, siyasi sistemin sağlamlaşdırılması, sistemli islahatlara hazırlıq, habelə siyasi sistemin güclü və zəif tərəflərinin müəyyən olunması, regionda formalaşan yeni reallığa adaptasiya, “siyasi dialoq” məfhumunun demokratik siyasi mədəniyyətin ayrılmaz göstəricisinə çevrilməsi, siyasətdə xalqın və xarici qüvvələrin dostlarını bir-birindən ayırd etmək dövrü olması bu xüsusiyyətlərə daxildir. Belə ki, qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun “dialoq” məfhumunu siyasi aktorlar arasındakı münasibətlərin legitimliyini şərtləndirən əsas amillərdən birinə çevirib. Odur ki, sağlam dialoqu inkar edən qüvvələr siyasi münasibətlərdə irrasional tərəf kimi çıxış edir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı