
Kəlbəcər Azərbaycanın ən yüksək dağlıq rayonu, qədim tarixi-mədəni irsi və zəngin təbii sərvətləri ilə seçilən cənnət guşəsidir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan bu diyar həm özünün strateji coğrafi mövqeyi, həm də bənzərsiz təbiəti ilə ölkəmizin ən mühüm bölgələrindən biridir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonu olmaqla yanaşı, həm də zəngin tarixi və arxeoloji irsə malik qədim yurd yeridir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar, qayaüstü təsvirlər, qədim yaşayış məskənləri, alban məbədləri və tarixi abidələr bu torpaqların minilliklər boyu fasiləsiz insan məskəni və mədəniyyət ocağı olduğunu sübut edir. Kəlbəcər yalnız Azərbaycanın yox, bütövlükdə dünyanın ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır ki, bu da 4 milyon ildən artıq bir tarix deməkdir.
8 avqust 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 27 illik işğal dövründə rayonun bütün infrastrukturu, 130-a yaxın yaşayış məntəqəsi, məktəblər, mədəniyyət ocaqları və məşhur “İstisu” sanatoriyası tamamilə dağıdılmışdı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu bir güllə belə atılmadan, siyasi-diplomatik yolla Azərbaycana qaytarıldı.
Uca dağ zirvələri, sıx meşələri, gur çayları və sərt iqlimi ilə seçilən Kəlbəcər təbiətin qüdrəti ilə tarixin yaddaşını özündə birləşdirir. Dağlıq relyefə malik olan Kəlbəcər çox sayda mineral su qaynaqları, axar çaylar və faydalı qazıntılarla da çox zəngindir. Rayonun iqtisadi potensialının əsas sütunlarından biri müalicəvi əhəmiyyətli mineral suları və zəngin su ehtiyatlarıdır. Dünya şöhrətli “İstisu” mineral suyu həm sağlamlıq turizmi, həm də sənaye istehsalı baxımından Kəlbəcərin vizit kartıdır. Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, müasir yol-tunel infrastrukturu, yeni yaşayış kompleksləri və turizm obyektləri inşa edilərək rayon dünyanın ən gözəl dağ kurortlarındanbirinə çevrilir. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir. Artıq “Böyük Qayıdış Proqramı” çərçivəsində keçən ilin avqustundan başlayan köç mərhələləri nəticəsində (2026-cı ilin aprelində baş tutan sayca 6-cı köç də daxil olmaqla) Kəlbəcər şəhərinə 162 ailə (təxminən 600 nəfərdən çox sakin) geri qayıdıb və şəhərin yeni yaşayış komplekslərində məskunlaşdırılıb. Hazırda Kəlbəcər şəhərdə 2-ci, 3-cü və 4-cü yaşayış məhəllələrinin inşası sürətlə davam edir və yaxın mərhələdə rayona köçürüləcək əhalinin sayının 17 min nəfərə çatdırılması hədəflənir. Beləliklə, 25 noyabr – Kəlbəcər şəhəri günü təkcə rayonun işğaldan azad olunma tarixi deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin iqtisadi və siyasi qüdrətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsidir. Dağların qoynunda yenidən doğulan Kəlbəcər bundan sonra da milli birliyimizin, suverenliyimizin və Qarabağla Şərqi Zəngəzurun əbədi dirçəlişinin sarsılmaz rəmzi olaraq daim Ana Vətənə bağlı yaşayacaq və inkişaf edəcəkdir.Kəlbəcər Şəhəri Günü, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Onların qəhrəmanlığı, fədakarlığı və Vətənə sədaqəti müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir.
Elnur Bayramov,
Pirallahı rayonu, 168 nömrəli tam orta məktəbin direktoru



