Ağdamda Qarabağ atçılıq ənənələrinin bərpası və inkişafı

Dünyada öz gözəlliyi, dözümlülüyü və nəcibliyi ilə tanınan Qarabağ atları Azərbaycan xalqının milli sərvəti və Ağdamın tarixi rəmzlərindən biridir. İşğal dövründə Ağdam Atçılıq Zavodunun dağıdılmasına baxmayaraq, bu nadir cinsin qorunub saxlanılması üçün dövlət səviyyəsində mühüm addımlar atılıb. Torpaqlarımızın azad olunması Qarabağ atlarının öz doğma yurduna, əzəli yaylaqlarına və düzənliklərinə qayıtmasına şərait yaradıb.
Rayon ərazisində müasir atçılıq kompleksinin bərpası və inkişafı həm cins atların yetişdirilməsinə, həm də milli atüstü oyunların yaşadılmasına xidmət edir. Eyni zamanda, atçılıq mərkəzlərinin fəaliyyəti bölgəyə gələn yerli və xarici turistlərin böyük marağına səbəb olaraq ekoturizm və idman turizminin inkişafına təkan verir.
Qarabağ atçılıq ənənələrinin dirçəldilməsi Ağdamın tarixi şöhrətinin və milli irsinin bərpası deməkdir. Bu sahə regionun mədəni və iqtisadi həyatına özünəməxsus rəng qatır.
İlkin Nəcəfov,
YAP Nizami rayon təşkilatının fəalı



