Ağdam Çörək Muzeyi: Tarixi yaddaşın bərpası

Dünyada ikinci, keçmiş SSRİ məkanında isə ilk çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1983-cü ildə yaradılmışdı. Muzeydə qədim dövrlərə aid daşlaşmış buğda dənləri, əkinçilik alətləri və müxtəlif xalqların çörək nümunələri sərgilənirdi. Təəssüf ki, 1992-ci ildə erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində bu nadir mədəniyyət ocağı dağıdılaraq külə döndərilmişdi.
Ağdamın işğaldan azad edilməsindən sonra tarixi-mədəni abidələrin, o cümlədən muzeylərin bərpası prioritet məsələ kimi müəyyən edildi. Çörək Muzeyinin yenidən qurulması xalqımızın əməksevərliyinin, bərəkətə və tarixə olan bağlılığının bərpası deməkdir. Muzeyin ekspozisiyasının zənginləşdirilməsi və müasir standartlara uyğun qurulması istiqamətində işlər aparılır.
Bu mədəniyyət ocağının bərpası gənc nəslin öz tarixini tanıması və keçmişdə baş vermiş vandalizm aktlarını unutmaması baxımından böyük tərbiyəvi əhəmiyyətə malikdir. Ağdam Çörək Muzeyi yenidən həm yerli sakinlərin, həm də xarici qonaqların sevimli məkanına çevriləcək.
Ceyhun Qafarov,
YAP Nizami rayon təşkilatının “Elşən Süleymanov küçəsi, 25/14” ərazi partiya təşkilatının sədr müavini



