AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Ağdamda Böyük Qayıdış – yeni həyatın təntənəsi

20 Noyabr – Ağdam Şəhəri Günü doğma yurda qayıdışın, yeni həyatın və böyük quruculuq prosesinin rəmzidir. Bu gün Ağdamda həyata keçirilən layihələr şəhərin sosial simasını yenidən formalaşdırır. Uzun illər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan insanların öz evlərinə dönməsi Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış strategiyasının ən mühüm nəticələrindəndir.

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan Böyük Qayıdış proqramı azad edilmiş ərazilərdə kompleks inkişafı nəzərdə tutur. Bu proqram çərçivəsində yalnız yaşayış evləri tikilmir, eyni zamanda insanların normal həyat fəaliyyəti üçün zəruri olan bütün infrastruktur yaradılır. Ağdamda məktəblərin, uşaq bağçalarının, səhiyyə və xidmət müəssisələrinin inşası bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.

Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində aparılan quruculuq işləri Ağdamın kənd yaşayış məntəqələrinin də müasir standartlara uyğun inkişaf etdiyini təsdiqləyir. Yeni evlər, abad küçələr, sosial obyektlər və müasir kommunikasiya sistemləri sakinlərin rahatlığını təmin edir. Bu kəndlərdə həyatın bərpası rayonun ümumi inkişafına yeni stimul verir.

Böyük Qayıdışın uğuru üçün məşğulluq məsələsi də xüsusi əhəmiyyət daşıyır. Ağdam Sənaye Parkı, kənd təsərrüfatı layihələri, xidmət sektoru və yeni sahibkarlıq imkanları sakinlərin iqtisadi fəallığının artırılmasına şərait yaradır. Məqsəd insanların yalnız doğma torpaqlarında yaşamasını deyil, burada işləməsini, inkişaf etməsini və gələcək planlarını qurmasını təmin etməkdir.

Ağdamın yenidən sakinləri ilə qovuşması Azərbaycanın sosial siyasətinin mühüm nəticəsidir. Hər yeni ailənin doğma yurda qayıdışı, hər açılan məktəb və hər yaradılan iş yeri bu böyük prosesin uğurudur. Ağdamda başlanan yeni həyat Qarabağın gələcəyinə inamı daha da artırır.

Sevinc Salayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button