AnalitikaGündəmSiyasət

YENİ AZƏRBAYCAN PARTİYASI: TARİXDƏN GƏLƏCƏYƏ UZANAN YOL

Bəzi tarixlər var ki, onlar sadəcə təqvimdə qalmır, bütöv bir xalqın taleyində öz izini qoyur. 21 noyabr 1992-ci il də Azərbaycan xalqının siyasi və dövlətçilik tarixində belə əlamətdar günlərdən biridir. Həmin gün Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirən mühüm tarixi hadisəyə çevrildi.

1990-cı illərin əvvəllərində Azərbaycan ağır sınaqlarla üz-üzə idi. Yenidən bərpa edilmiş dövlət müstəqilliyimiz ciddi təhlükə qarşısında qalmış, ölkədə siyasi böhran dərinləşmiş, iqtisadiyyat tənəzzülə uğramış, torpaqlarımız işğala məruz qalmışdı. Dövlət idarəçiliyindəki səriştəsizlik, siyasi qarşıdurma və cəmiyyətdəki parçalanma təhlükəsi xalqın sabaha olan inamını sarsıdırdı. Belə bir şəraitdə Azərbaycanın güclü siyasi iradəyə, təcrübəli liderə və milli maraqları hər şeydən üstün tutan siyasi təşkilata ehtiyacı var idi.

Məhz həmin tarixi şəraitdə 1992-ci ilin oktyabrında Azərbaycanın 91 nəfər tanınmış ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət edərək ölkənin taleyinə biganə qalmamağa, yeni yaradılacaq siyasi təşkilata rəhbərlik etməyə çağırdı. Tarixə “91-lərin müraciəti” kimi düşən bu hadisə əslində xalqın ümid və gözləntilərinin, milli birlik və güclü dövlətçilik istəyinin ifadəsi idi.

Nəhayət, noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya qısa müddətdə geniş xalq dəstəyi qazandı. Çünki onun irəli sürdüyü ideyalar yalnız siyasi məqsədlərlə məhdudlaşmır, müstəqil dövlətçiliyin qorunmasını, milli həmrəyliyin möhkəmləndirilməsini və Azərbaycanın gələcəyinin təmin olunmasını nəzərdə tuturdu.

Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bu gün də öz tarixi və siyasi əhəmiyyətini qoruyur. Çünki bu sözlər partiyanın yalnız yarandığı dövrə deyil, gələcək nəsillər qarşısında daşıdığı məsuliyyətə ünvanlanmışdı.

1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ölkə parçalanmaq təhlükəsindən xilas edildi, ictimai-siyasi sabitlik təmin olundu, dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə Azərbaycanın iqtisadi gələcəyinə geniş imkanlar açaraq müstəqil enerji strategiyasının əsasını qoydu. Nizami ordu quruculuğu, balanslaşdırılmış xarici siyasət və milli maraqların beynəlxalq müstəvidə müdafiəsi dövlət siyasətinin başlıca istiqamətlərinə çevrildi.

Beləliklə, müstəqilliyin ilk illərində atılan qətiyyətli addımlar Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaratdı.

Dövlətçilik ənənəsindən tarixi Zəfərə

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi. Azərbaycanın iqtisadi potensialı genişləndi, beynəlxalq mövqeləri möhkəmləndi, nəqliyyat və enerji layihələri reallaşdırıldı, ordu quruculuğu istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Bütün bu proseslər ölkəmizin qarşısında dayanan ən böyük tarixi məqsədə – ərazi bütövlüyümüzün bərpasına xidmət edirdi.

2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində tarixi Zəfər qazanıldı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə ölkəmizin bütün ərazilərində dövlət suverenliyi və konstitusiya quruluşu tam bərpa edildi.

Bu Qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, dövlət qüdrətinin və tarixi ədalətin təntənəsi idi. Otuz ilə yaxın davam edən həsrət və nisgil xalqımızın birliyi və qətiyyəti ilə Zəfərə çevrildi.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri həmin tarixi Qələbənin davamıdır. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan soydaşlarımız üçün müasir yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, yollar və sosial infrastruktur yaradılır.

Xüsusilə Ağdamın timsalında bu dəyişikliklərin miqyasını aydın görmək mümkündür. Vaxtilə işğal nəticəsində xarabalığa çevrilmiş şəhər bu gün yenidən qurulur, sənaye müəssisələri yaradılır, sosial və iqtisadi həyat canlanır. Ağdamın dirçəlişi yalnız bir şəhərin bərpası deyil, həm də xalqımızın tarixi yaddaşının, milli qürurunun və quruculuq əzminin təcəssümüdür.

Zəfər qazanmaq böyük qəhrəmanlıqdır, həmin Zəfəri quruculuq və inkişafla möhkəmləndirmək isə böyük dövlətçilik məsuliyyətidir.

Yeni dövr, yeni hədəflər

Yeni Azərbaycan Partiyasının 34 illik inkişaf yolu Azərbaycanın keçdiyi tarixi mərhələlərlə sıx bağlıdır. Bu müddətdə partiya yalnız təşkilati baxımdan deyil, qarşıya qoyduğu vəzifələr və fəaliyyət istiqamətləri baxımından da yeni mərhələlərə qədəm qoyub.

2021-ci il martın 5-də keçirilən VII Qurultay partiyanın siyasi və təşkilati inkişafında mühüm yenilənmə mərhələsi oldu. Qurultayda qəbul edilən qərarlar və təsdiqlənən yeni Proqram partiyanın qarşıdakı fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Heydər Əliyev irsinin yaşadılması, güclü iqtisadiyyat, sosial rifah, insan kapitalının inkişafı, milli-mənəvi dəyərlərin qorunması, ordu quruculuğu və Böyük Qayıdış əsas strateji hədəflər kimi önə çıxdı.

2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultay isə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra partiyanın ilk qurultayı kimi xüsusi tarixi əhəmiyyət daşıdı. Bu qurultay artıq yeni reallıqların formalaşdığı, Azərbaycanın qalib dövlət kimi gələcəyə baxdığı bir dövrə təsadüf etdi.

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışında təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin davam etdirilməsi, iqtisadi inkişaf, sosial rifah və ideoloji təhlükəsizlik məsələləri xüsusi diqqət mərkəzində oldu.

Bu gün qarşımızda dayanan vəzifələr yalnız əldə edilmiş nailiyyətləri qorumaqla məhdudlaşmır. Müasir çağırışlara uyğunlaşmaq, innovasiyaları təşviq etmək, gənclərin potensialından səmərəli istifadə etmək, milli maraqları beynəlxalq müstəvidə qətiyyətlə müdafiə etmək və cəmiyyətin inkişafına töhfə vermək yeni dövrün əsas tələbləridir.

Siyasi təşkilatın gücü yalnız keçmiş xidmətləri ilə deyil, bu gün gördüyü işlər, cəmiyyətlə əlaqələri və gələcəyə dair təşəbbüsləri ilə də ölçülür. Bu baxımdan Yeni Azərbaycan Partiyasının qarşısında mühüm vəzifələr dayanır. Tarixi irsin qorunması ilə yanaşı, yeni ideyaların dəstəklənməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması və dövlətçilik düşüncəsinin gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır.

Dövlətə xidmət – hər birimizin məsuliyyəti

Yeni Azərbaycan Partiyasının 34 illik tarixini yalnız siyasi hadisələrin ardıcıllığı kimi dəyərləndirmək düzgün olmazdı. Bu tarix həm də xalqın iradəsinin, milli həmrəyliyin və dövlətçilik məsuliyyətinin salnaməsidir.

Mən də Yeni Azərbaycan Partiyasının üzvü kimi bu tarixi yolun bir parçası olmağı qürur və məsuliyyət hesab edirəm. Partiyanın Gənclər Birliyinin fəaliyyətində fəal iştirak etdiyim illər, ictimai fəaliyyətimə verilən dəyər və həmin dövrdən qalan unudulmaz xatirələr mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bu təcrübə bir daha göstərib ki, siyasi mənsubiyyət yalnız təşkilatın sıralarında təmsil olunmaq deyil, həm də dövlətə, xalqa və milli maraqlara xidmət məsuliyyətini daşımaqdır.

İnanıram ki, hər bir partiya üzvünün əsas vəzifəsi təmsil etdiyi dəyərləri əməli fəaliyyəti ilə doğrultmaq, cəmiyyətə fayda vermək və ölkəmizin inkişafına öz töhfəsini verməkdir. Çünki dövlətçilik yalnız böyük siyasi qərarlardan deyil, hər bir vətəndaşın məsuliyyətindən, vicdanlı əməyindən və Vətənə bağlılığından formalaşır.

Bu gün 34 il əvvəl Naxçıvanda əsası qoyulan Yeni Azərbaycan Partiyası yeni tarixi mərhələnin çağırışları qarşısındadır. Qarşıda daha güclü iqtisadiyyat, yüksək sosial rifah, müasir ordu, inkişaf etmiş insan kapitalı və qazanılmış Zəfərin qorunması kimi mühüm hədəflər dayanır.

Tarix göstərdi ki, milli birlik, siyasi iradə və dövlətçilik düşüncəsi bir araya gəldikdə ən çətin sınaqların öhdəsindən gəlmək mümkündür. Yeni Azərbaycan Partiyasının keçdiyi yol da bu həqiqətin mühüm nümunələrindən biridir.

34 il əvvəl yaranan siyasi iradə, bu gün qalib Azərbaycanın dövlətçilik əzmi və gələcəyə yönələn hədəfləri ilə davam edir. Zaman dəyişir, nəsillər yenilənir, yeni çağırışlar meydana çıxır. Dəyişməyən isə Azərbaycanın müstəqilliyinə, milli maraqlarına və dövlətçiliyinə sədaqət amalımızdır.

Yeni Azərbaycan Partiyasının tarixdən gələcəyə uzanan yolu da məhz bu amalla davam edir.

Namiq Muradov,
YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button