
Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük mənəvi dəyərlərə malik şəhərlərindən biri olan Şuşa xalqımızın milli kimliyinin, tarixi yaddaşının və mədəni irsinin rəmzidir. Qarabağın tacı adlandırılan bu şəhər əsrlər boyu Azərbaycanın ictimai-siyasi, mədəni və ədəbi həyatında mühüm rol oynamış, görkəmli şəxsiyyətlər yetişdirmişdir. Şuşa yalnız coğrafi məkan deyil, həm də Azərbaycan xalqının milli ruhunun, musiqisinin, ədəbiyyatının və tarixi dövlətçilik ənənələrinin yaşadığı müqəddəs məkandır. Məhz bu səbəbdən Şuşanın işğalı xalqımızın yaddaşında ağır faciə, azad edilməsi isə tarixi ədalətin və milli qürurun təntənəsi kimi xüsusi yer tutur.
Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Şəhərin işğalı nəticəsində minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüş, tarixi-mədəni abidələrimiz dağıdılmış və talan edilmişdi. İşğal dövründə şəhərin tarixi simasının dəyişdirilməsinə, Azərbaycan mədəniyyətinin izlərinin silinməsinə cəhdlər göstərilsə də, xalqımız Şuşaya olan bağlılığını və onu azad etmək əzmini heç vaxt itirməmişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə gücləndi, iqtisadi və hərbi potensialını artırdı. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət, güclü ordu quruculuğu və xalq-iqtidar birliyi torpaqlarımızın işğaldan azad edilməsi üçün möhkəm zəmin yaratdı. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi, xalqın böyük dəstəyi və Azərbaycan Ordusunun qəhrəmanlığı 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasını təmin etdi.
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun həyata keçirdiyi Şuşa əməliyyatı nəticəsində şəhər Ermənistan işğalından azad edildi. Dağlıq relyefə, mürəkkəb coğrafi şəraitə və düşmənin möhkəmləndirilmiş müdafiə mövqelərinə baxmayaraq, Azərbaycan əsgər və zabitləri misilsiz qəhrəmanlıq nümayiş etdirdilər. Şəhərin azad edilməsi uğrunda aparılan döyüşlər hərb tariximizin ən şanlı səhifələrindən birinə çevrildi. Azərbaycan hərbçilərinin böyük şücaəti, peşəkarlığı və fədakarlığı nəticəsində Şuşa düşməndən təmizləndi. Bu əməliyyatın xüsusi əhəmiyyəti ondan ibarət idi ki, şəhər ağır dağıntılara məruz qalmadan, əsasən əlbəyaxa döyüşlər və yüksək hərbi məharət hesabına azad edildi.
Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynadı və noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla müharibə başa çatdı, düşmən kapitulyasiya aktına imza etməyə məvbur oldu. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” ifadəsi xalqımızın qəlbində əbədi yaşayacaq tarixi bir çağırışa çevrildi. Bu xəbər bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı, Azərbaycan xalqının uzun illər davam edən Şuşa həsrətinə son qoyuldu.
Şuşanın azad edilməsindən sonra şəhərin tarixi və mədəni simasının bərpası, sosial infrastrukturun yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya çoxsaylı səfərləri şəhərin dirçəldilməsinə dövlət səviyyəsində göstərilən xüsusi diqqətin bariz nümunəsidir. Qısa müddətdə şəhərdə yollar, elektrik, su və digər kommunikasiya xətləri yenidən quruldu, yaşayış və ictimai binaların bərpasına başlanıldı. Şuşanın tarixi abidələri, məscidləri, mədəniyyət ocaqları və görkəmli şəxsiyyətlərin evləri əvvəlki görkəminə qaytarıldı. Vaqif Poeziya Günləri və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı yenidən təşkil olunaraq Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı kimi mövqeyi möhkəmləndirildi.
Şuşanın tarixi əhəmiyyətini və milli-mənəvi dəyərini nəzərə alan Prezident İlham Əliyev 2021-ci il yanvarın 5-də şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Həmin il mayın 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalandı. Bununla yanaşı, 2022-ci il yanvarın 5-də imzalanmış Sərəncamla 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi. Bu qərar Şuşanın tarixinin, mədəniyyətinin, ədəbi və musiqi irsinin daha geniş təbliğinə, şəhərin ölkə və beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfə verdi.
Şuşanın azad edilməsinin tarixi əhəmiyyətini əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyev 2023-cü il iyulun 31-də “Şuşa Şəhəri Günü”nün təsis edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, hər il noyabrın 8-i Şuşa Şəhəri Günü kimi qeyd olunur. Bu gün Şuşa özünün yeni inkişaf və dirçəliş dövrünü yaşayır. Aparılan bərpa və quruculuq işləri nəticəsində şəhər yenidən Azərbaycanın mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilir. Ən əsası, doğma sakinlərin şəhərə qayıdışı Şuşanın həyatına yeni nəfəs verir.
Şuşa Zəfəri bir daha təsdiq etdi ki, güclü dövlət, qətiyyətli rəhbərlik, qüdrətli ordu və sarsılmaz xalq birliyi qarşısında heç bir maneə dayana bilməz. Bu gün Şuşanın hər küçəsində, hər daşında Azərbaycan əsgərinin qəhrəmanlığının, şəhidlərimizin müqəddəs qanının və xalqımızın azadlıq iradəsinin izi vardır. Şuşa əbədi olaraq Azərbaycanın tarixi, mədəni və mənəvi sərvəti, Zəfərimizin və milli qürurumuzun rəmzi kimi yaşayacaqdır.
Daşqın Mikayılov,
YAP Şəki rayon təşkilatının sədri



