
Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb və çıxış etmişdir.
Zirvə gorüşündə dövlət başçısı bildirmişdir ki, Azərbaycan AQEM-ə sədrliyi dövründə qurumun gücləndirilməsinə xüsusi diqqət yetirib. Nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlıq fəal şəkildə təşviq olunub. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə AQEM institusional və hüquqi baxımdan daha da güclənib, üzvlərinin sayı genişlənib.
Zirvə görüşü çərçivəsində Azərbaycanın AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması təklifi üzv dövlətlər tərəfindən dəstəklənmişdir. Prezident çıxışında bölgədəki sülh gündəliyinə toxunaraq, Azərbaycanın sülh təklif etdiyini və bölgədə sülhün qorunub möhkəmləndirilməsinin vacibliyini qeyd etmişdir.
Zirvə görüşü ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və Avrasiya məkanında birləşdirici mərkəz kimi oynadığı strateji rolun növbəti bariz təcəssümü oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu mötəbər tədbirdəki dərin məzmunlu və proqram xarakterli çıxışı yalnız regional təhlükəsizlik məsələlərinə işıq salmadı, həm də beynəlxalq hüququn və ədalətin bərpa olunması yollarını bütün dünyaya nümayiş etdirdi. Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan ikitərəfli və çoxtərəfli formatlarda siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə həyata keçirdiyi səmərəli əməkdaşlıqla regionumuzda təhlükəsizlik sistemini addım-addım möhkəmləndirir. Dövlətimiz davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama və ölkələrin ərazi bütövlüyü ilə suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət yürüdür. Bununla yanaşı, Azərbaycan beynəlxalq münasibətlərdə ikili standartların və seçici yanaşmaların tətbiqi kimi zərərli praktikaya qarşı daima fəal və əsaslandırılmış şəkildə mübarizə aparır.
Maya Qənbərova,
YAP fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi



