AnalitikaGündəmSiyasət

17 Oktyabr – Füzuli Şəhəri Günü

2020-ci il… bir tarixin bərpası… gözü yaşlı qalan bir nəsil… niskilli uşaqlıq… gözü yolda, qulağı səsdə olan bir xalq… hər gün şəhid verən bir ordu…

Bütün bunları yaşamış bir xalqın qarşısında heç bir qüvvə dayana bilməzdi… bilmədi…

27 Sentyabr… Sanki hamı birlik nümayiş etdirmək üçün bu günü gözləyirdi. Xalq səfərbər olmaq üçün bir çağırış, bir qığılcım istəyirdi. Vətənimizin azadlığı uğrunda atılan bu addımı xalqımız 30 ildən çox gözləmişdi. Daha gözləməyə heç kəsdə səbr qalmamışdı… Yurdundan, isti ev-eşiyindən didərgin düşmüş minlərlə insan bu xəbəri eşidəcəyi günü gözləyə-gözləyə dünyasını dəyişmişdi…

Nəhayət o gün gəlmişdi. 27 sentyabr sübh-tezdən Müzəffər Ordumuz həsrət qaldığımız o torpaqlara qovuşmağımız üçün ilk addımı atdı və taleyin bu çətin sınağından üzüağ çıxdı… Bu yolda xalqımız minlərlə şəhid verdi. Minlərlər ananın gözü yolda qaldı. Minlərlə sevgi yarımçıq qaldı… amma bu şərəfli yol 30 il “Vətən” deyib ağlayan gözləri güldürməyi bacardı.

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq başlayan bu Vətən müharibəsi Azərbaycan xalqının öz ərazi bütövlüyünü bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi.

Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən biri idi. 17 oktyabr Füzuli şəhəri düşmən əsarətindən azad olundu. Amma buna baxmayaraq həm strateji əhəmiyyətinə görə, həm də əsas gediş-gəliş xəttinin bu istiqamətdən olduğuna görə Füzuli kəndlərinin azadlığı uğrunda gedən döyüşlər 44 günlük müharibənin son günlərinə qədər davam etdi. Düşmən tərəfindən əsasən döyüş paliqonu kimi istifadə olunan işğal olunmuş kəndlərdə çox güclü strateji əhəmiyyətli yeraltı keçidlər, yeraltı silah anbarları tikilmişdi. Güclü dağıdıcı silahlarla belə dağıtmaq mümkün deyildi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu döyüş meydanında böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək düşmənin uzun illər ərzində qurduğu istehkamları yarıb keçdi.

30 ildən çox əsarətdə qalmış bu torpaqları Müzəffər Ordumuzun qəhrəmanları qarış-qarış, qanları bahasına, canları bahasına düşmən tapdağından azad etmişdir. 2020-ci il otyabrın 17-də Füzuli şəhərinin və bir sıra kəndlərin işğaldan azad edilməsi Ordumuzun tarixi uğurlarından biri oldu. Ümumilikdə, Vətən müharibəsi zamanı Füzuli rayonunun 62 yaşayış məntəqəsi işğaldan azad olundu.

Bu Qələbə yalnız bir şəhərin işğaldan azad edilməsi demək deyildi. Bu qələbə həm də hərbi-strateji üstünlüyün əldə olunması, sonrakı həmlələrin uğurla davam etdirilməsi üçün çox mühüm addım idi. Çünki düşmənin uzun illər ərzində qurduğu əsas müdafiə sistemi bu istiqamətdən başlayırdı. Bu sistemi yarıb keçmək isə yüksək hərbi hazırlıq, düzgün planlama və dəqiq koordinasiya tələb edirdi.

Bu qalibiyyət bir daha sübut etdi ki, Azərbaycan ordusu güclü silah və texnologiyalara malik olmaqla yanaşı, həm də yüksək döyüş ruhuna, güclü mənəvi dayaqlara və Vətən uğrunda canından keçmək əzminə sahibdir.

Bu gün Füzuli şəhərinin küçələrində dalğalanan ürrəngli bayrağımız şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi bahasına qazanılmış Qələbənin rəmzidir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 17 oktyabr tarixinin Füzuli şəhəri günü kimi təsis edilməsi Xalqımızın qəhrəmanlıq tarixinə verilən yüksək qiymətdir.

Savad  Şükürlü,
Azərbaycan dili kafedrası

Oxşar Xəbərlər

Back to top button