AnalitikaGündəmSiyasət

Füzuli Şəhəri Günü dövlətçilik tariximizin şanlı səhifəsidir

Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycan dövlətçiliyinin müasir tarixində mühüm hadisələrdən biridir. 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhəri düşmən işğalından azad etdi. Bu qələbə xalqımızın tarixi torpaqlarına qayıdışının başlanğıcını qoydu və milli qürur hissini daha da gücləndirdi.

Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən çətin əməliyyatlarından biri kimi yadda qalıb. Ermənistan silahlı qüvvələri uzun illər ərzində burada möhkəm müdafiə xətləri yaratmışdı. Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq, yüksək döyüş hazırlığı və əzmkarlıq nəticəsində həmin müdafiə mövqeləri yarıldı. Şəhərin azad olunması cəbhədə strateji üstünlüyün əldə edilməsinə əhəmiyyətli töhfə verdi.

Prezident İlham Əliyevin rəhbərliyi müharibə dövründə Azərbaycanın siyasi və hərbi iradəsinin nümayişində mühüm rol oynadı. Dövlət başçısı ölkənin milli maraqlarını qətiyyətlə müdafiə edir, beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini çatdırırdı. Ordunun döyüş meydanındakı uğurları xalqın birliyi və dövlətin məqsədyönlü siyasəti ilə tamamlanırdı.

Qələbədən sonra Füzulidə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Şəhərdə yeni yaşayış sahələri yaradılır, yollar və sosial obyektlər tikilir, müasir şəhər infrastrukturu formalaşdırılır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin nəqliyyat imkanlarını genişləndirərək onun regional əhəmiyyətini artırıb.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur. Bu tarix həm qəhrəman hərbçilərimizin fədakarlığını, həm də dövlətimizin quruculuq iradəsini ifadə edir. Füzulinin inkişafı Azərbaycan xalqının öz torpaqlarında sülh, əmin-amanlıq və rifah şəraitində yaşamaq əzminin parlaq göstəricisidir.

Pərviz Həsənov, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button