
Bəzi tarixlər var ki, xalqın yaddaşında yalnız bir qələbə günü kimi deyil, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsi kimi yaşayır. 17 oktyabr – Füzulinin işğaldan azad edildiyi gün məhz belə tarixlərdəndir. Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Ordumuzun misilsiz şücaəti ilə qazanılmış Zəfəri qürurla xatırlayır.
2020-ci il oktyabrın 17-də, Vətən müharibəsinin ən gərgin günlərində Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bu uğur illərlə davam edən işğala qarşı mübarizədə mühüm dönüş nöqtələrindən biri oldu. Düşmənin möhkəmləndirilmişmüdafiə xətlərinin yarılması Azərbaycan hərbçilərinin yüksək döyüş hazırlığını, peşəkarlığını və Vətən uğrunda hər cür çətinliyə sinə gərmək əzmini nümayiş etdirdi.
Bu qələbənin arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti, düşünülmüş hərbi strategiyası və Azərbaycan Ordusuna olan sarsılmaz inamı dayanırdı. Müharibənin taleyinin həll olunduğu ağır günlərdə dövlət başçısının prinsipial mövqeyi və qələbəyə hesablanmış siyasəti xalqı və Ordunu vahid məqsəd ətrafında birləşdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgəri döyüş meydanında öz qəhrəmanlığını, dövlətimiz isə öz gücünü və iradəsini bütün dünyaya nümayiş etdirdi.
Füzuli əməliyyatının hərbi əhəmiyyətini Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 17-də xalqa müraciətində səsləndirdiyi bu fikirlər aydın ifadə edir: “Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar.” Bu sözlər Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurun miqyasını və hərbi tariximizdəki yerini əks etdirirdi. Füzulinin azad edilməsi sonrakı əməliyyatlar üçün mühüm imkanlar yaratdı, Zəfərə aparan yolun əhəmiyyətli mərhələsinə çevrildi. Bu qələbə bir daha göstərdi ki, qətiyyətli siyasi rəhbərlik, peşəkar ordu və xalq birliyi qarşıya qoyulan ən mürəkkəb məqsədlərin həyata keçirilməsində həlledici rol oynayır.
Bu gün Füzulidə həyatın yenidən canlanması, müasir infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma yurda qayıtması qazanılmış Zəfərin davamıdır. Dünən döyüş meydanında azad edilən torpaqlarda bu gün quruculuq işləri aparılır, gələcəyə inamla baxan yeni həyat formalaşır. Füzuli artıq yalnız azadlığın deyil, həm də dirçəlişin rəmzidir.
17 oktyabrın qəhrəmanlıq salnaməsi şəhidlərimizinmüqəddəs xatirəsi, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin şücaəti ilə yazılıb. Bu tarixdə biz həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz tarixi torpaqlarını azad etmək əzminin gerçəyə çevrildiyini xatırlayırıq.
Füzuli Zəfəri – qətiyyətli rəhbərliyin, yenilməz Ordunun və sarsılmaz xalq iradəsinin təntənəsidir. Bu qürurverici tarix Azərbaycan xalqının yaddaşında daim yaşayacaq!
Fazil Məhəmmədov – Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü



