
Müasir beynəlxalq münasibətlər sistemində artan qeyri-sabitlik, geosiyasi gərginliklər və təhlükəsizlik çağırışları dövlətlərin səylərinin birləşdirilməsini tələb edir. Azərbaycan və Laos qlobal miqyasda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasının tərəfdarıdırlar.
Hər iki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, müstəqilliyi və sərhədlərinin toxunulmazlığı prinsipinə sadiqliyini bəyan edir. Qoşulmama Hərəkatı çərçivəsində qazanılmış əməkdaşlıq təcrübəsi bu həmrəyliyin bariz nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev: “Beynəlxalq arenada bir-birimizi dəstəkləməyimiz, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə sadiqliyimiz əməkdaşlığımızın təməl daşıdır.”
Prezidentlərin mətbuata bəyanatları göstərir ki, həm Bakı, həm də Vientian birtərəfli diktələrə yox, beynəlxalq hüququn aliliyinə və çoxtərəfliliyə üstünlük verirlər. Qlobal idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və inkişaf etməkdə olan ölkələrin hüquqlarının qorunması məsələsində ortaq mövqe nümayiş etdirilir.
Dövlətlərarası münasibətlərin dərinləşməsi yalnız siyasi və iqtisadi sazişlərlə məhdudlaşmır, həm də xalqların bir-birini yaxından tanıması, mədəni dəyərlərin qarşılıqlı zənginləşməsi üzərində qurulur. Azərbaycan və Laos arasında humanitar sahədə əlaqələrin genişləndirilməsi gələcək nəsillər üçün möhkəm dostluq bünövrəsi yaradır.
Təhsil sahəsində əməkdaşlıq, tələbə mübadiləsi proqramları və universitetlərarası birgə layihələr hər iki ölkənin gənclərinə qlobal dünyagörüşü qazandırır. Azərbaycanın inkişaf etmiş təhsil infrastrukturu Laoslu tələbələr üçün də yeni imkanlar açır.
Azərbaycan Prezidenti İlham Əliyev: “Xalqlarımızın bir-birini daha yaxından tanıması üçün humanitar və mədəniyyət sahələrində əlaqələrin inkişafı vacibdir. Təhsil mübadiləsi və gənclərin təmasları gələcək dostluğumuzun əsas təminatıdır.”
Turizm imkanlarının təbliği və birgə mədəniyyət günlərinin keçirilməsi xalqlar arasındakı coğrafi məsafələrin mənəvi baxımdan aradan qaldırılmasına xidmət edir. İctimai diplomatiya alətlərindən səmərəli istifadə edilməsi ikitərəfli əlaqələrin ictimaiyyət tərəfindən daha geniş dəstəklənməsini təmin edir.
Oktyabrın 13-də əldə olunan razılaşmalar və qəbul edilən sənədlər paketi gələcək illər üçün yol xəritəsini müəyyənləşdirir. Bakı və Vientian arasında formalaşan bu tərəfdaşlıq modeli qarşılıqlı etimada əsaslanan uğurlu dövlətlərarası münasibətlərin parlaq nümunəsidir.
İsmayıl Həsənalıyev,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, Nizami rayonunun fəal gənci


