AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Füzuliyə səfərləri Böyük Qayıdışın təməlini qoydu

Füzuli rayonunun işğaldan azad olunmasından sonra burada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. Uzun illər işğal altında qalan şəhərin yenidən qurulması, əhalinin doğma yurda qayıdışının təmin edilməsi və bölgənin iqtisadi potensialının bərpa olunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Füzuliyə ardıcıl səfərləri bu prosesin planlı şəkildə həyata keçirilməsinə, mühüm layihələrin təməlinin qoyulmasına və nəzərdə tutulan işlərin gedişinə nəzarət edilməsinə xüsusi əhəmiyyət verildiyini göstərirdi.

2020-ci il noyabrın 16-da Prezident İlham Əliyevin Füzuli şəhərinə səfəri zamanı Azərbaycan bayrağının ucaldılması tarixi hadisə kimi yadda qaldı. İşğaldan azad edilmiş şəhərdə dövlət bayrağının dalğalanması Azərbaycanın suverenliyinin bərpasının, xalqımızın qələbə əzminin və dövlətin ərazi bütövlüyü uğrunda mübarizəsinin rəmzi idi. Həmin səfər zamanı Füzuli-Şuşa avtomobil yolunun, sonradan Zəfər yolu adı ilə tanınan yolun təməlinin qoyulması da mühüm əhəmiyyət daşıyırdı. Bu addım azad edilmiş ərazilərdə yalnız hərbi qələbənin nəticələrinin möhkəmləndirilməsini deyil, həm də gələcək quruculuq mərhələsinə başlanılmasını ifadə edirdi.

2021-ci il yanvarın 14-də dövlət başçısının Füzuliyə səfəri zamanı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, eləcə də Füzuli rayonunda beynəlxalq hava limanının təməllərinin qoyulması bölgənin gələcək inkişafı baxımından mühüm addımlar oldu. Nəqliyyat infrastrukturunun qurulması azad edilmiş ərazilərin ölkənin digər bölgələri ilə əlaqələrinin möhkəmləndirilməsi, insanların hərəkətinin asanlaşdırılması və iqtisadi fəallığın artırılması üçün əsas şərtlərdən biri idi. Hava limanının inşasına başlanılması isə Füzulinin regional nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində strateji əhəmiyyət daşıyırdı.

Fevralın 14-də keçirilən növbəti səfər zamanı Füzuli şəhərinin Baş planının təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli şəkildə təşkil edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi. Həmin gün Horadiz-Ağbənd və Ağdam-Füzuli avtomobil yollarının inşası ilə tanışlıq, eləcə də 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimində iştirak dövlətin diqqətinin həm nəqliyyat infrastrukturuna, həm də əhalinin sosial ehtiyaclarına yönəldiyini göstərirdi. Şəhərin planlaşdırılması ilə yanaşı, səhiyyə müəssisəsinin inşasına başlanılması gələcək məskunlaşma üçün zəruri şəraitin yaradılmasının vacib istiqamətlərindən idi.

Martın 15-də Füzuli-Hadrut avtomobil yolunun təməlinin qoyulması bölgədə nəqliyyat şəbəkəsinin genişləndirilməsi prosesini davam etdirdi. İyunun 14-də Prezident İlham Əliyev Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə tanış oldu, Əhmədbəyli-Füzuli-Şuşa yolu və Zəfər yolunda aparılan işləri nəzərdən keçirdi, “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılışında iştirak etdi. Həmin gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli rayonunda qarşılanması da bölgənin bərpası ilə bağlı Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətini nümayiş etdirən hadisələrdən biri oldu.

Avqustun 29-da dövlət başçısı Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi və Zəfər yolunda son tamamlama işləri ilə tanış oldu. Oktyabrın 17-də isə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi, Füzuli-Ağdam avtomobil yolunun və Dövlətyarlı kəndində “Ağıllı kənd” layihəsinin təməli qoyuldu. Eyni səfər çərçivəsində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməllərinin qoyulması şəhərin inkişafının müxtəlif sahələri əhatə etdiyini göstərirdi.

Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı atılan addımlar şəhərin gələcəyinin kompleks şəkildə planlaşdırıldığını nümayiş etdirir. Avtomobil yolları, hava limanı, enerji infrastrukturu, su təsərrüfatı, səhiyyə müəssisələri və yaşayış layihələri bir-birini tamamlayan istiqamətlərdir. Bu layihələr doğma yurdlarına qayıdacaq insanların yaşayış şəraitinin yaxşılaşdırılması, iqtisadi fəallığın bərpası və müasir şəhər mühitinin yaradılması üçün mühüm əsas formalaşdırır. Füzulinin bugünkü dirçəlişi hərbi qələbənin quruculuq və inkişaf mərhələsi ilə davam etdirilməsinin nümunəsidir.

Kəmalə Kazımlı,
YAP Xətai rayon təşkilatı fəalı 

Oxşar Xəbərlər

Back to top button