
Füzuli rayonunun işğaldan azad edilməsi uzun illər davam edən humanitar, sosial və iqtisadi problemlərin aradan qaldırılması üçün mühüm imkan yaratdı. 1993-cü ildə rayonun böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində yerli əhali doğma yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qalmış, evlər və təsərrüfat obyektləri dağıdılmış, sosial infrastrukturun fəaliyyəti dayanmışdı. İşğalın nəticələri yalnız maddi itkilərlə ölçülmürdü. Bu proses ailələrin həyat tərzinə, uşaqların təhsilinə, insanların məşğulluğuna və uzun illər ərzində formalaşmış sosial münasibətlərə də ciddi təsir göstərmişdi.
Doğma evindən ayrı düşmüş insan üçün məcburi köçkünlük gündəlik yaşayış şəraitinin dəyişməsindən daha dərin məna daşıyır. İnsanlar öz evlərinin, torpaqlarının və ailə xatirələrinin yerləşdiyi məkandan uzaqda yaşamağa məcbur olurlar. Füzuli sakinləri də uzun illər ərzində bu çətinliklərlə üzləşiblər. Onların bir qismi başqa rayonlarda və şəhərlərdə məskunlaşsa da, doğma yurdla bağlı xatirələrini və geri qayıtmaq arzusunu qoruyub saxlayıb. Füzulinin azad olunması bu insanların həyatında yeni ümid mərhələsinin başlanğıcı oldu.
Azərbaycan Ordusunun 2020-ci ildə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Füzuli şəhərinin oktyabrın 17-də azad olunması rayonun gələcək inkişafı üçün yeni şərait yaratdı. Lakin işğaldan azad edilməklə bütün problemlər dərhal aradan qalxmadı. Uzun müddət dağıntılara məruz qalmış ərazilərdə normal həyatın bərpası üçün genişmiqyaslı quruculuq işlərinin aparılması tələb olunurdu. Yaşayış evlərinin tikilməsi, yolların və kommunal sistemlərin qurulması, təhsil və səhiyyə müəssisələrinin fəaliyyətə başlaması, eləcə də təhlükəsizlik məsələlərinin həlli bu prosesin əsas istiqamətlərinə çevrildi.
Bərpa işlərinin mühüm istiqamətlərindən biri ərazinin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsidir. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi insanların təhlükəsiz qayıdışına, kənd təsərrüfatı torpaqlarından istifadəyə və infrastruktur layihələrinin həyata keçirilməsinə ciddi maneələr yaradır. Buna görə də ərazilərin təhlükəsizliyinin təmin edilməsi, risklərin qiymətləndirilməsi və əhalinin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Təhlükəsiz mühit yaradılmadan davamlı məskunlaşmanın və təsərrüfat fəaliyyətinin tam bərpası mümkün deyil.
Füzulidə həyata keçirilən yenidənqurma işləri insanların doğma torpaqlara qayıdışını təmin etməklə yanaşı, şəhərin iqtisadi və sosial həyatının yenidən qurulmasına xidmət edir. Müasir yaşayış məhəllələri, təhsil və xidmət obyektləri, nəqliyyat yolları və mühəndis-kommunikasiya sistemləri yeni şəhər mühitinin əsasını təşkil edir. Bərpa prosesində müasir şəhərsalma prinsiplərinin tətbiqi, ekoloji tələblərin nəzərə alınması və infrastrukturların uzunmüddətli ehtiyaclara uyğun qurulması xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma şəhərin yalnız fiziki görünüşünün deyil, gündəlik həyat üçün zəruri olan bütün sistemlərinin yenidən formalaşmasına imkan verir.
İşğalın nəticələrinin aradan qaldırılması insanların iqtisadi fəallığının bərpasını da tələb edir. Əhalinin məşğulluğunun təmin edilməsi, kənd təsərrüfatının yenidən inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və xidmət sektorunun formalaşdırılması şəhərin uzunmüddətli dirçəlişi üçün vacibdir. İnsanların öz doğma yurdlarında yalnız yaşaması deyil, həm də işləməsi, təhsil alması və ailələrinin gələcəyini qurması üçün əlverişli şərait yaradılmalıdır. Bu səbəbdən bərpa proqramlarının sosial və iqtisadi istiqamətləri bir-biri ilə əlaqəli şəkildə həyata keçirilməlidir.
17 Oktyabr – Füzuli Şəhəri Günü rayonun azadlığını, dağıntılardan sonra bərpa prosesini və doğma yurda qayıdışın əhəmiyyətini bir arada əks etdirir. Bu gün keçmişdə yaşanan faciələri unutmaq deyil, həmin hadisələrdən nəticə çıxararaq sülhün, təhlükəsizliyin və davamlı inkişafın dəyərini daha dərindən anlamaq üçün də əhəmiyyətlidir. Füzulidə görülən quruculuq işləri insanların öz torpaqlarında yeni həyat qurmasına, sosial əlaqələrin bərpasına və bölgənin iqtisadi potensialının yenidən reallaşdırılmasına xidmət edir. Şəhərin dirçəlişi işğalın ağır nəticələrinin aradan qaldırılması istiqamətində uzunmüddətli və ardıcıl fəaliyyətin vacibliyini göstərir.
Cəmilə Ramazanova,
YAP Xətai rayon təşkilatının fəalı



