
Füzuli torpağı Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və strateji coğrafi mövqeyi ilə həmişə xüsusi əhəmiyyət kəsb edən mühüm yaşayış məskənlərimizdən biri olmuşdur. Qarabağ xanlığının vacib iqtisadi və inzibati mərkəzlərindən sayılan bu bölgə asrlər boyu zəhmətkeş insanları, yetişdirdiyi görkəmli şəxsiyyətləri, elmi və mədəni xadimləri ilə ölkəmizin tərəqqisinə böyük töhfələr vermişdir. Lakin 1990-cı illərin əvvəllərində Ermənistanın azğınlaşmış təcavüzkar siyasəti nəticəsində Füzuli rayonunun böyük bir hissəsi işğala məruz qaldı. Otuz ilə yaxın davam edən bu ağır işğal dövründə doğma yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə füzulili məcburi köçkünlük həyatı yaşamağa məhkum edildi. Şəhər və kəndlərimiz xarabazara çevrildi, tarixi, dinı və mədəni abidələrimiz vandalizmə məruz qalaraq yerlə-yeksan edildi. Lakin bütün bu çətinliklərə və iztirablara baxmayaraq, Füzuli əhalisinin doğma torpağa olan sevgisi, inamı və Azərbaycan dövlətinin sarsılmaz iradəsi heç vaxt sönmədi. Ümummilli Lider Heydər Əliyevin başladığı dövlətçilik xətti və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan xalqı hər zaman öz torpaqlarına qayıdacağı günü böyük ümidlə gözlədi.
2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı və parlaq səhifəsini yazdı. Bu tarixi döyüşlərdə Füzuli uğrunda gedən əməliyyatlar hərbi nöqteyi-nəzərdən müharibənin taleyini həll edən mühüm əhəmiyyət kəsb edən döyüşlər kimi tarixə həkk olundu. Düşmənin uzun illər boyunca möhkəmləndirdiyi, keçilməz hesab etdiyi bir neçə qatdan ibarət “Onyal səddi” rəşadətli Azərbaycan Ordusu tərəfindən böyük şücaət, peşəkarlıq və qəhrəmanlıqla darmadağın edildi. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad olunması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müjdəsi Qarabağın tam azadlığına gedən yolda həlledici dönüş nöqtəsi oldu. Bu şanlı qələbə yalnız hərbi zəfər deyil, həm də illər boyu tapdalanmış milli qürurumuzun, ədalətin və bütövlüyümüzün bərpası idi. Məhz bu tarixi günü əbədiləşdirmək məqsədilə ölkə başçısının müvafiq sərəncamı ilə 17 Oktyabr – Füzuli şəhəri günü kimi təsbit olundu və hər il böyük qürur hissi ilə qeyd edilir.
Zəfərdən sonra qarşıda duran en böyük və təxirəsalınmaz vəzifə işğaldan azad edilmiş ərazilərin minadan təmizlənməsi və bərpası idi. İşğal dövründə düşmən tərəfindən həyata keçirilən mənfur siyasətin acı nəticəsi olaraq, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına və basdırılma sıxlığına görə en çox çirkləndirilmiş rayon kimi mürəkkəb bir reallıqla üz-üzə qaldı. Hər addımda gizlədilmiş minalar və partlamamış hərbi sursatlar dinc əhalinin təhlükəsizliyinə böyük təhdid yaratmaqla yanaşı, bərpa və quruculuq işlərinin sürətlənməsinə də ciddi maneələr törədirdi. Lakin dövlətimizin qətiyyəti, minatəmizləmə agentliklərimizin gərgin əməyi və müasir texnologiyaların tətbiqi sayəsində Füzuli torpaqları addım-addım bu təhlükədən təmizlənməyə başlandı. Bu mürəkkəb bərpa prosesində Azərbaycan tək qalmadı. Qardaş Qazaxıstan Respublikasının böyük dəstəyi iki ölkə arasındakı sarsılmaz dostluğun, strateji tərəfdaşlığın və türk dünyası həmrəyliyinin parlaq təzahürünə çevrildi. Qazaxıstan tərəfindən Füzulidə müasir standartlara cavab verən Qurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası və istifadəyə verilməsi dost xalqın Azərbaycanın zəfərinə və Böyük Qayıdış prosesinə verdiyi paha biçilməz töhfənin əyani sübutudur.
Qarabağın və Füzulinin yenidən qurulmasında, müasir infrastrukturun yaradılmasında və Böyük Qayıdışın konseptual əsaslarının qoyulmasında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarəti və ardıcıl səfərləri müstəsna rol oynayır. İşğaldan azad edildikdən dərhal sonra başlanan misilsiz quruculuq marafonunda Füzuli mühüm nəqliyyat, loqistika və yaşayış mərkəzinə çevrildi. Ölkə Prezidentinin Füzuliyə hər bir səfəri rayonun sosial-iqtisadi həyatında yeni bir mərhələnin təməlini qoydu. 2021-ci il oktyabrın 26-da cəmi 8 ay ərzində rekord müddətdə inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının təntənəli açılış mərasimi regional inkişafın və Böyük Qayıdışın ilk böyük rəmzlərindən birinə çevrildi.
Dövlət başçısının regiona mütəmadi səfərləri bərpa işlərinə güclü təkan verdi. 2022-ci il mayın 10-da Füzulidə Peşə Liseyinin təməlqoyma mərasimi keçirildi ki, bu da azad edilmiş ərazilərdə əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması baxımından böyük əhəmiyyət kəsb edirdi. Həmin il mayın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıq Zəngəzur dəhlizinin vacib tərkib hissəsi olan strateji infrastruktura verilen diqqəti nümayiş etdirdi. Şəhidlərimizin əziz xatirəsinə ehtiramın göstəricisi olaraq 2022-ci il sentyabrın 27-də Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatırə lövhəsini ziyarət etdi. Noyabrın 7-də isə rayon ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanışlıq ordumuzun döyüş qabiliyyətinin və təhlükəsizliyinin hər zaman ali diqqətdə saxlanıldığını göstərdi.
2023-cü ilin may ayı Füzulinin quruculuq salnaməsində xüsusi intensivliyi ilə seçildi. Mayın 5-də ölkə rəhbərinin iştirakı ilə Pirəhmədli və Dədəli kəndlərinin təməlləri qoyuldu, strateji əhəmiyyətli Füzuli-Hadrut avtomobil yolunun açılışı reallaşdırıldı. Həmçinin Füzuli yaşayış kompleksinin tikintisinin gedişi, şəhərin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı, inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanışlıq, eləcə də şəhərin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlinin qoyulması Füzulinin necə hərtərəfli, müasir və “ağıllı şəhər” konsepsiyasına uyğun qurulduğunu əyani şəkildə ortaya qoydu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra edilən yeni qayğı proqramları və Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində on illər boyu həsrət çəkən keçmiş məcburi köçkünlərimizin, soydaşlarımızın öz doğma yurd-yuvasına mərhələli və təhlükəsiz qayıdışı artıq reallığa çevrilmişdir. Füzuliyə köçürülən sakinlərin müasir, hər cür rahatlıqla təmin olunmuş mənzillərlə, iş yerləri ilə təmin edilməsi, sosial infrastrukturun tam formalaşdırılması dövlətin öz vətəndaşına olan yüksək diqqət və qayğısının bariz nümunəsidir. 2026-cı ilin oktyabrına qədər olan dövrü əhatə edən genişmiqyaslı layihələr sayəsində Füzuli nəinki tamamilə yeniden qurulmuş, həm də bölgənin iqtisadi, mədəni və sosial mərkəzlərindən birinə çevrilmişdir. Bu gün Füzuli küçələrində uşaq gülüşlərinin eşidilməsi, yeni məktəblərin, müəssisələrin fəaliyyət göstərməsi, müasir yolların və rəqəmsal infrastrukturların qurulması Azərbaycan dövlətinin gücünü, Müzəffər Ali Baş Komandanın yenilməz iradəsini və xalqımızın qurub-yaratmaq əzimini bütün dünyaya nümayiş etdirir. YAP Tərtər rayon təşkilatının məsləhətçisi Səltənət Möhsünlü
Səltənət Möhsünlü,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi



