AnalitikaGündəmSiyasət

Zəfərin yaratdığı yeni Azərbaycan reallığı

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi yadda qaldı. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı ölkəmizin son illərdə keçdiyi inkişaf yoluna və qarşıda duran əsas vəzifələrə həsr olunmuşdu. Çıxışda həm Azərbaycanın əldə etdiyi tarixi Qələbələrdən, həm də gələcək üçün müəyyən edilən məqsədlərdən geniş bəhs edildi.

Mənim fikrimcə, çıxışın əsas məqamlarından biri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsidir. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi bütün ərazilərində təmin edildi. Bu hadisələr Azərbaycan xalqında böyük qürur hissi yaratdı.

Çıxışda qeyd olunurdu ki, bu Qələbələr birdən-birə əldə edilməyib. Bunun arxasında uzun illər ərzində aparılan məqsədyönlü siyasət dayanır. Ölkənin iqtisadi gücünün artırılması, ordunun gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və xalqın vahid mövqedə olması bu prosesdə mühüm rol oynayıb. Bu baxımdan, Zəfəri yalnız hərbi uğur kimi deyil, uzunmüddətli dövlət siyasətinin nəticəsi kimi də qiymətləndirmək olar.

Çıxışda Yeni Azərbaycan Partiyasının yaranmasına və Heydər Əliyevin siyasi fəaliyyətinə də geniş yer ayrılmışdı. 1990-cı illərin əvvəllərində Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üzləşmişdi. Belə bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin gələcəyi baxımından mühüm hadisə oldu. Həmin dövrdə əsas məqsədlərdən biri dövlətçiliyin qorunması və ölkədə sabitliyin yaradılması idi.

Sonrakı illərdə Azərbaycanın iqtisadi imkanları genişləndi. Neft və qaz layihələri ölkəyə böyük investisiyaların cəlb olunmasına imkan verdi. Bununla yanaşı, ordu quruculuğuna da xüsusi diqqət ayrıldı. İqtisadi və hərbi imkanların artması son nəticədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə şərait yaratdı.

Çıxışın diqqət çəkən digər tərəfi gələcək vəzifələrlə bağlı fikirlər idi. Azərbaycanın artıq müharibə şəraitində olmamasına baxmayaraq, ölkənin müdafiə qabiliyyətinin daim gücləndirilməsinin vacibliyi vurğulanırdı. Dünyada baş verən hadisələr göstərir ki, təhlükəsizlik məsələsi hər bir dövlət üçün çox vacibdir. Buna görə də Azərbaycanın güclü orduya sahib olması ölkənin müstəqilliyinin qorunması baxımından əhəmiyyətlidir.

Müasir dövrdə təhlükəsizlik yalnız hərbi sahə ilə məhdudlaşmır. İnformasiya və ideoloji təhlükəsizlik də böyük əhəmiyyət daşıyır. Xüsusilə internet və sosial şəbəkələrin geniş yayıldığı bir dövrdə insanlar müxtəlif məlumatlarla qarşılaşırlar. Buna görə gənclərin yaxşı təhsil alması, düzgün informasiya mənbələrindən istifadə etməsi və hadisələrə tənqidi yanaşması vacibdir. Vətənpərvərlik və milli dəyərlərin qorunması da bu baxımdan mühüm rol oynayır.

Azərbaycanın xarici siyasəti də çıxışda əsas mövzulardan biri idi. Ölkəmizin müxtəlif dövlətlərlə əlaqələr qurması və beynəlxalq təşkilatlarda fəal iştirak etməsi Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə kömək edir. Azərbaycanın öz milli maraqlarını qoruyaraq müstəqil xarici siyasət aparması ölkənin gələcəyi üçün vacib amillərdən biridir.

İqtisadi məsələlər də çıxışda geniş yer tuturdu. Azərbaycanın enerji resursları ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Neft və qazla yanaşı, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi də ölkəmizin əhəmiyyətini artırır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları Azərbaycanın gələcəkdə mühüm tranzit ölkələrindən birinə çevrilməsi üçün imkan yaradır.

Məncə, çıxışın ən vacib hissələrindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı fikirlər idi. İşğaldan azad olunmuş ərazilərdə yeni yollar, yaşayış məntəqələri, məktəblər və digər obyektlər tikilir. İnsanların öz doğma torpaqlarına qayıtması Böyük Qayıdış prosesinin əsas məqsədidir. Bu proses həm dövlət, həm də xalq üçün xüsusi əhəmiyyət daşıyır.

Ümumilikdə, İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı Azərbaycanın keçdiyi yol və gələcək hədəfləri haqqında geniş təsəvvür yaradır. Ölkəmiz son illərdə böyük dəyişikliklərdən keçib. Ərazi bütövlüyünün və suverenliyin bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb. İndi əsas məqsəd əldə olunan nailiyyətləri qorumaq, iqtisadi inkişafı davam etdirmək, Qarabağ və Şərqi Zəngəzurun bərpasını sürətləndirmək və ölkənin beynəlxalq mövqeyini daha da gücləndirməkdir.

Azərbaycanın Zəfərlə başa çatan mübarizə yolu yeni bir mərhələnin başlanğıcıdır. Bu mərhələdə əsas məsələ qalib ölkənin imkanlarından düzgün istifadə etmək və gələcək nəsillər üçün daha güclü, sabit və inkişaf edən Azərbaycan yaratmaqdır.

Aysu Abbasova,
 Bakı Slavyanuniversiteti,Xarici dil Müəllimliyi fakültəsi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button