Nizami rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Vətən Müharibəsi Şəhidləri” memorial kompleksi önündə tədbir keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, ictimai təşkilatların nümayəndələri və gənclər iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək Vətənimizin azadlığı, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar və can sağlığı diləyib.
Qeyd olunub ki, 27 sentyabr 2020-ci il hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Artıq 6-cı ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərancamına əsasən sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur.
27 sentyabrda düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu elə ilk gündən dünyanın hərbi tarixinə düşəcək bir peşəkarlıqla, misilsiz qəhrəmanlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr vurdu, Ermənistan hərbi birləşmələrinin canlı qüvvəsini, 30 ilə yaxın dövr ərzində qurduğu güclü hərbi istehkamlarını və müdafiə xətlərini darmadağın etdi, strateji yüksəkliklər və əzəli torpaqlarımız işğaldan azad olundu, məğlub düşmən ordusu torpaqlarımızdan qovuldu.
27 sentyabrdan başlanan və şanlı Zəfər qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrini döyüş meydanlarında öz gücü ilə həll edərək beynəlxalq hüquq və tarixi ədaləti bərpa etdi.
Vurğulanıb ki, Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Zəfər dastanını öz qanı və canları ilə yazan şəhidlərimiz və qazilərimiz qürur mənbəyimizdir. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna dərin ehtiram göstərir, xatirəsini uca tutur. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Bu gün biz təkcə torpaqlarımız uğrunda canından keçən qəhrəman şəhidlərimizi yad etmirik, həm də xalqımızın otuz illik həsrətə, haqsızlığa və işğala son qoyduğu tarixi dirçəliş gününü qeyd edirik.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov çıxış edərək şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük ehtirama, qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Sonra Xatirə Kompleksi önünə əklil və güllər qoyulub.





















