
Azərbaycan bu gün yalnız Cənubi Qafqazın deyil, eyni zamanda bütün türk-müsəlman coğrafiyasının siyasi, mənəvi və mədəni mərkəzlərindən birinə çevrilib. Ölkəmizin qədim tarixi, zəngin mədəni irsi və qlobal miqyasda həyata keçirdiyi ardıcıl, prinsipial siyasət dövlətimizin beynəlxalq nüfuzunu gündən-günə artırır. Bu reallıq bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi, təşkilatın müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi beynəlxalq konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi dərin məzmunlu fikirlərdə özünün parlaq təcəssümünü tapdı. Dövlət başçısının bu görüşdəki çıxışı təkcə cari diplomatik və dini tədbirlərin əhəmiyyətini deyil, həm də Azərbaycanın qət etdiyi tarixi yolu, hədəflərini, qlobal ədalətsizliklərə qarşı sərgilədiyi qətiyyətli mövqeni və gələcəyə baxışını ehtiva edən strateji manifest xarakteri daşıyır. Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçiriləcək olması isə qlobal proseslərin fonunda Azərbaycanın malik olduğu böyük etimadın göstəricisidir.
Dövlət başçısının vurğuladığı kimi, bu tədbir təsadüfi seçilməyib və Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda həmişə birləşdirici, barışdırıcı və əməkdaşlığa yönələn mövqe nümayiş etdirir. Müsəlman dünyasında bəzi ölkələr arasında mövcud olan anlaşılmazlıqların, toqquşmaların aradan qaldırılması, İslam aləminin vahid ailə kimi birləşməsi, lazımsız qarşıdurmaların dayandırılması və dini dəyərlərimizə kölgə salmaq istəyən dairələrin məkrli planlarının boşa çıxarılması üçün Azərbaycan hər zaman üzərinə düşən missiyanı yerinə yetirməyə hazırdır. Məhz bu baxımdan, din xadimlərinin Bakıdakı toplantısı dünyaya çox ciddi və birmənalı sülh mesajları ötürür. Azərbaycanın keçdiyi şərəfli yol, xüsusilə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri ilə əldə olunan tarixi zəfər bu gün regionda tamamilə yeni reallıqlar yaradıb. Nümayəndə heyətinin Qarabağa – Ağdama, Xankəndiyə, Xocalıya və Şuşaya səfər etməsi qonaqlara həm 30 illik işğalın dəhşətli fəsadlarını, dağıntılarını, həm də bu torpaqlarda sürətlə həyata keçirilən quruculuq işlərini bir daha gözləri ilə görmək imkanı verir. Ermənistanın 30 il ərzində torpaqlarımızda töratdığı vəhşiliklər bəşər tarixində nadir hallarda rast gəlinən barbarlıq nümunəsidir. Şəhərlərimiz və kəndlərimiz yerlə-yeksan edilib, bir milyona yaxın soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. Dövlət səviyyəsində həyata keçirilən siyasət nəticəsində Azərbaycana məxsus 65 məscid tamamilə dağıdılıb, bəziləri isə qəsdən təhqir olunaraq heyvan saxlamaq məqsədilə istifadə edilib.
Bu murdar əməllər təkcə Azərbaycan xalqına deyil, bütün İslam aləminə qarşı yönəlmiş açıq təhqir idi. Xocalı şəhərində bəşəriyyətin gözü qarşısında qanlı soyqırımı törədilib. Bu gün həmin ərazilərdə ucalan Xocalı Memorial Kompleksi o qanlı faciənin unudulmayacağının simvoludur. Uzun illər ərzində beynəlxalq təşkilatların – BMT-nin, ATƏT-in məsələyə səssiz qalması, Ermənistana havadarlıq edən böyük dövlətlərin işğalı əbədiləşdirməyə çalışması ədalətsizliyin pik nöqtəsi idi. Lakin Azərbaycan xalqı bu dözülməz duruma son qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz öz gücü, qanı və canı bahasına ədaləti bərpa etdi, işğalçıları torpaqlarımızdan qovdu. Ölkəmiz XX və XXI əsrlərdə işğal olunmuş torpaqlarını hərbi-siyasi yolu ilə azad edərək dünyada unikal bir presedent yaratdı. Separatçı liderlər, hərbi cinayətkarlar və uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında qanun qarşısında cavab verirlər. Bu, tam və birmənalı şəkildə ədalətin zəfəridir. Bütün bu yaşananlara baxmayaraq, Azərbaycan sülh tərəfdarıdır və Ermənistanla münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir. Lakin Prezident İlham Əliyevin qətiyyətlə qeyd etdiyi kimi, bizə və xalqımıza qarşı törədilən vəhşilikləri, Xocalı qurbanlarını, dağıdılmış məscidlərimizi heç vaxt unutmayacağıq. Azərbaycan ordusu müharibə zamanı belə mülki əhaliyə qarşı deyil, yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparıb, çünki bizim mentalitetimiz və əxlaqi dəyərlərimiz dinc insanlarla müharibə aparmağa imkan vermir. Qisasımız döyüş meydanında alındı, şəhidlərimizin qanı yerdə qalmadı.
Səfərova Pərvanə,
YAP fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı



