AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyev və İslam Həmrəyliyinin Qlobal Mərkəzi: Bakı Platforması

Azərbaycan Respublikası bəşəriyyətin sülh və birgəyaşayış ideallarını öz dövlət siyasətinin mərkəzində tutaraq, qlobal mənəvi dialoqun əsas ünvanlarından birinə çevrilmişdir. Sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarının və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin qəbul edilməsi bu uzaqgörən siyasətin bariz nümunəsidir. TDT-nin Baş katibinin və qardaş türk, eləcə də Qafqaz xalqlarının ali dini liderlərinin qatıldığı bu mötəbər görüş, Azərbaycanın həm coğrafi, həm də mənəvi-siyasi baxımdan birliyin və sülhün qarantı olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, böyük nüfuza malik din xadimlərinin ölkəmizdə bir araya gəlməsi xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirir və bütün dünyaya çox güclü həmrəylik mesajı verir.

Dövlət başçısı nümayəndə heyəti ilə keçirdiyi görüşdə ölkəmizin tarixi və intellektual zənginliyindən geniş bəhs etdi. Prezident İlham Əliyev Bakıda keçirilən iki böyük tədbirin – dini liderlərin toplantısı və Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın eyni vaxta təsadüf etməsinin dərin məna daşıdığını bildirdi. O, Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi dahi şəxsiyyətlərimizin əvəzsiz irsinin bütün İslam aləmi üçün müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. Çıxışında ölkəmizin geostrateji və mənəvi mövqeyini xarakterizə edən Prezident İlham Əliyev, qədim Qafqaz Albaniyasının Qəbələ və Atabəylər dövlətinin Naxçıvan şəhərlərinin tarixi əhəmiyyətindən danışaraq, Azərbaycanın Türk dünyası və Qafqaz kimi iki nəhəng coğrafiyanı özündə qovuşduran unikal məkan olduğunu qürurla bəyan etdi.

İslam aləmində baş verən müasir çağırışlara toxunan Prezident İlham Əliyev, bəzi ziddiyyətlərin aradan qaldırılmasında din xadimlərinin və mənəvi rəhbərlərin missiyasını xüsusi dəyərləndirdi. O, dini liderlərin sülhə, əməkdaşlığa yönələn hər bir sözünün bölgədə əmin-amanlıq yaratdığını bildirdi. Azərbaycanın həmişə əməli addımlarla İslam birliyinə xidmət etdiyini xatırladan Prezident, 2017-ci ildə ölkəmizdə keçirilmiş IV İslam Həmrəylik Oyunlarının bir idman yarışından ziyadə, əsl həmrəylik bayramı olduğunu vurğuladı. Eyni zamanda, gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə diqqət çəkən dövlət başçısı, bu tədbirin müsəlman ölkələri arasındakı toqquşmalara və ziddiyyətlərə son qoyacağına, xalqlarımızı vahid bir ailə kimi birləşdirəcəyinə dair qətiyyətli inamını ifadə etdi.

Tarixi ədalətin bərpası və Qarabağ zəfəri mövzusu Prezident İlham Əliyevin çıxışının ən təsirli məqamlarından oldu. Qonaqların işğaldan azad olunmuş bölgələrə planlaşdırılan səfəri barədə danışan dövlət başçısı, Ermənistanın 30 illik işğal siyasətinin dəhşətli fəsadlarını – məhv edilmiş 65 məscidi və təhqir olunmuş müqəddəs məkanları xatırladaraq, bunu bütün İslam dəyərlərinə təhqir kimi qiymətləndirdi. Lakin Prezident İlham Əliyev qürurla bildirdi ki, bu gün “kim güclüdür, o da haqlıdır” reallığının hökm sürdüyü dünyada Azərbaycan xalqı məhz hərbi gücü və sarsılmaz iradəsi ilə ədaləti bərpa etmişdir. Hazırda 90 mindən çox sakinin geri döndüyü Qarabağ və Şərqi Zəngəzurun sürətlə bərpası, Azərbaycan dövlətinin qüdrətini və onun Müzəffər Liderinin xilaskar, qurucu missiyasını bütün dünyaya bəyan edir.

Gülsüm Hacıyeva,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 159” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button