
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatlar Azərbaycan və Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi
2026-cı il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü və mətbuata bəyanatları iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Daşkənddə keçirilən görüşlər və əldə olunan razılaşmalar Azərbaycan-Özbəkistan əlaqələrinin yalnız siyasi və diplomatik müstəvidə deyil, iqtisadi, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə də sürətlə inkişaf etdiyini göstərdi. Prezident İlham Əliyev bəyanatında Özbəkistana səfər etməkdən məmnunluğunu ifadə edərək qardaş ölkənin son illərdə əldə etdiyi böyük nailiyyətləri yüksək qiymətləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Özbəkistanda həyata keçirilən sosial-iqtisadi layihələr, sənayenin inkişafı, şəhərlərin müasirləşdirilməsi və əlverişli biznes mühitinin yaradılması ölkənin sürətli inkişafının əsas göstəricilərindəndir.
Azərbaycan-Özbəkistan münasibətlərinin gücü yalnız tarixi və mənəvi yaxınlıqla məhdudlaşmır. Bu əlaqələr konkret layihələr, qarşılıqlı etimad və real nəticələr üzərində qurulub. Prezident İlham Əliyev xüsusi vurğuladı ki, iki ölkənin nümayəndə heyətləri arasında əvvəl əldə olunmuş razılaşmaların yerinə yetirilməsi münasibətlərin etibarlı əsas üzərində inkişaf etdiyini göstərir. Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionları getdikcə vahid geosiyasi və iqtisadi məkan kimi formalaşır. Bu baxımdan Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın genişlənməsi yalnız iki dövlət üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. Ölkələrimizin fəal əməkdaşlığı yeni iqtisadi və nəqliyyat imkanlarının yaranmasına şərait yaradır. Səfər zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsi də əsas məsələlərdən biri olub. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması, birgə müəssisələrin yaradılması, investisiya layihələrinin həyata keçirilməsi və üçüncü ölkələrdə birgə fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində mühüm müzakirələr aparılıb.
Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına verdiyi mənəvi və praktiki dəstəyi yüksək qiymətləndirili. Özbəkistanın Füzulidə məktəb tikintisində iştirakı iki xalq arasındakı qardaşlığın real nümunələrindən biri kimi qeyd edildi. Bu baxımdan Xankəndidə yeni yüngül sənaye müəssisəsinin yaradılması ilə bağlı layihə də xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı bu layihəni Azərbaycan və Özbəkistan xalqlarının dostluğunun və qardaşlığının daha bir rəmzi kimi dəyərləndirdi. Belə layihələr göstərir ki, Azərbaycanla Özbəkistan arasındakı münasibətlər yalnız siyasi bəyanatlarla deyil, konkret işlər və real nəticələrlə müşayiət olunur.
Mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasını tarixi ədalətin və beynəlxalq hüququn bərqərar olması kimi qiymətləndirdi. Özbəkistanın bu məsələdə Azərbaycana göstərdiyi qardaş münasibət dövlətlərarası əlaqələrdə qarşılıqlı etimadın və həmrəyliyin mühüm göstəricisidir. Səfər çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafı da diqqət mərkəzində olub. Xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizinin imkanlarından daha geniş istifadə edilməsi Azərbaycan və Özbəkistanın iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verə bilər. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat qovşağı kimi çıxış edir, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm iqtisadi və nəqliyyat mərkəzlərindən biridir. Bu iki istiqamətin daha sıx əlaqələndirilməsi regional ticarət və tranzit imkanlarını genişləndirir.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq humanitar sahədə də mühüm nəticələrlə zəngindir. Təhsil, elm, mədəniyyət, gənclər, informasiya və idman sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Tarixi, milli-mənəvi və mədəni dəyərlərin yaxınlığı iki ölkə arasında münasibətlərin möhkəm təməlini təşkil edir.
Prezident İlham Əliyevin səfəri zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan xarici siyasətində qardaş və dost dövlətlərlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Özbəkistanla əlaqələr isə bu siyasətin ən uğurlu nümunələrindən biridir. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsi, iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı səfərlərin intensivləşməsi münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir.
Azərbaycan və Özbəkistan bundan sonra da qarşılıqlı etimad, dostluq, qardaşlıq və müttəfiqlik prinsipləri əsasında birgə fəaliyyət göstərəcəklər. Bu əməkdaşlıq həm Azərbaycan və Özbəkistan xalqlarının rifahına, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.
Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini



