İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü regionda cərəyan edən yeni geoiqtisadi və geosiyasi reallıqların anonsu kimi dəyərləndirilməlidir. Bu görüş Azərbaycanın fəal xarici siyasət kursunun və Mərkəzi Asiya istiqamətinin necə yüksək prioritet təşkil etdiyinin canlı nümayişidir. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev bu Məşvərət Görüşündə ilk dəfə olaraq tamhüquqlu üzv qismində iştirak etmişdir. Bu, ötən il Özbəkistanda qəbul edilmiş və Azərbaycanın sözügedən formatın tamformatlı tərkibinə daxil edilməsini nəzərdə tutan tarixi qərarın məntiqi nəticəsidir. Beləliklə, beynəlxalq münasibətlər sistemində Mərkəzi Asiya və Azərbaycan artıq fərqli regionlar kimi deyil, vahid geosiyasi, təhlükəsizlik və geoiqtisadi məkan kimi qəbul edilməyə başlayıb. Rəqəmlər əməkdaşlığın dinamikliyini hər şeydən yaxşı izah edir: 2023-cü ilin əvvəlindən indiyədək Prezident İlham Əliyev Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər edib, müvafiq ölkələrin dövlət başçıları isə Azərbaycanda 26 dəfə qonaq olublar. Bu intensiv təmaslar liderlər arasında dərin şəxsi etimadın formalaşmasına və dövlətlərarası münasibətlərin institusional səviyyədə möhkəmlənməsinə şərait yaradır. Toplantıda qəbul edilən Çolpon-Ata Bəyannaməsi nəqliyyat və logistika imkanlarının şaxələndirilməsini ön plana çıxarır. Xüsusilə Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas mərkəzi kimi rolu əvəzsizdir. Yeni qlobal çağırışlar və mürəkkəb beynəlxalq vəziyyət fonunda Orta Dəhlizin aktuallaşması tranzit potensialından səmərəli istifadə edilməsini zəruri edir. Bu baxımdan, enerji ehtiyatlarının nəqli, yaşıl enerji layihələrinə birgə sərmayə qoyuluşu, kibertəhlükəsizlik və nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasındakı ortaq strateji maraqları təşkil edir. Yekun olaraq qeyd etmək olar ki, Çolpon-Ata zirvəsi Türk dünyasının və Mərkəzi AsiyaQafqaz oxunun qlobal iqtisadiyyatdakı ağırlıq mərkəzini artırmağa xidmət edir. Azərbaycan Məşvərət formatının fəal üzvü kimi regionda sülhün, sabitliyin və iqtisadi rifahın təmin olunmasında bundan sonra da aparıcı rol oynayacaqdır.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədr müavini



