AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh və əməkdaşlıq missiyasının beynəlxalq arenalarından biri kimi çıxış edir

Tarixi Qələbəmizin qazandırdığı yeni reallıqlar fonunda Azərbaycanın mədəniyyət incisi, həmçinin türk və İslam dünyasının simvolu olan Şuşa bu gün beynəlxalq fikir mübadiləsinin, qlobal dialoqun və media sahəsində birgə fəaliyyətin aparıcı mərkəzlərindən birinə çevrilmişdir. Artıq ənənəvi xarakter daşıyan Şuşa Qlobal Media Forumu dünya informasiya məkanında baş verən transformasiyaların, medianın üzləşdiyi müasir problemlərin, qarşılıqlı tərəfdaşlıq perspektivlərinin və qlobal gündəmin digər aktual məsələlərinin müzakirə olunduğu nüfuzlu platforma kimi tanınır.

Hər il keçirilən bu tədbirin mövzularına nəzər saldıqda, hər birinin dövrün tələblərinə uyğun olaraq müəyyənləşdiyi aydın görünür. Belə ki, ötən il Xankəndi şəhərində “Rəqəmsal keçidlər: Süni intellekt çağırışlarında informasiya və media davamlılığının artırılması” başlığı altında III Forum baş tutdu. 2024-cü ildəki ikinci forum “Yalan xəbərlərin ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr olunmuşdu. İlk forum isə 2023-cü ildə “IV Sənaye İnqilabı dövründə yeni media” konsepsiyasını müzakirəyə çıxarmışdı. Bu tədbirlər təkcə müzakirə olunan məsələlərin çoxşaxəliliyi ilə deyil, həm də iştirakçı sayının durmadan artması ilə seçilir. İldən-ilə genişlənən iştirakçı coğrafiyası həm forumun əhəmiyyətini, həm də gündəmdəki məsələlərin aktuallığını bir daha sübut edir.

Qeyd edək ki, bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” şüarı ilə keçirilən IV Forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox nüfuzlu media qurumu, həmçinin 10-a qədər beynəlxalq təşkilat və şirkət təmsil olunub. Bu rəqəmlər forumun dünya miqyasında nüfuzunun durmadan yüksəldiyini, Şuşanın isə qlobal media əməkdaşlığının mühüm məkanlarından birinə çevrildiyini təsdiqləyir. Tədbir çərçivəsində panel müzakirələri, interaktiv sessiyalar və ikitərəfli görüşlər keçirilir. Müzakirələrin əsas istiqamətləri arasında medianın sülhün qorunmasındakı rolu, sərhədlərarası media dialoqu, ictimai etimadın bərpası, dezinformasiyaya qarşı birgə mübarizə, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, informasiya təhlükəsizliyi və yeni media texnologiyalarının inkişaf perspektivləri xüsusi yer tutur.

Bu ilki forumun mövzusu çağdaş reallıqları və vacib çağırışları özündə əks etdirir. Ötən forumdan bəri keçən bir il ərzində Azərbaycan sülh quruculuğu sahəsindəki töhfələri ilə diqqət mərkəzində olub. Dövlət başçısı İlham Əliyevin hər çıxışında ölkəmizin regionda davamlı sülh və təhlükəsizliyə verdiyi töhfələr, bu istiqamətdə göstərilən səylər və atılan addımlar xüsusi vurğulanır. Sülh gündəliyinin müəllifi kimi Azərbaycanın hədəflərə doğru irəliləyişinin mühüm nəticəsi ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri zamanı əldə olunub. Forumun açılışında və jurnalistlərin suallarını cavablandırarkən dövlət başçısı xüsusilə Azərbaycanın sülh təcrübəsinə və Vaşinqton razılaşmalarına toxunub. O, ABŞ ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, Prezident Donald Trampla keçən il avqustda Vaşinqtonda və bu il yanvarda Davosda görüşlərin baş tutduğunu bildirib. Həmçinin, Azərbaycanın Prezident Trampın təsis etdiyi Sülh Şurasının təsisçi üzvü kimi dəvət edildiyini, vitse-prezident Vensin Azərbaycana səfəri və strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını qeyd edib. Prezident Əliyev vurğulayıb ki, indiki münasibətlər tarixdə ən yüksək həddə çatıb və bu səviyyə heç vaxt olmayıb.

Azərbaycanın coğrafi mövqeyi onun üstünlüklərindən biri kimi həmişə qeyd olunur. Şərqlə Qərbin qovşağında yerləşən ölkəmiz xalqlar və dövlətlər arasında körpü rolunu oynayır, müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirir. Azərbaycan tolerantlıq və multikulturalizm dəyərlərinin inkişafına davamlı töhfələr verən, bu sahədə tanınmış və nüfuz qazanmış ölkədir. Multikulturalizm dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan edilmişdi. Məqsəd müsəlman aləmində birliyin möhkəmləndirilməsi, Azərbaycanın mədəniyyətlərarası dialoqa və İslam həmrəyliyinə verdiyi töhfələrin dünyada tanıdılması idi. Həmin il ərzində çoxsaylı beynəlxalq konfranslar təşkil edildi, onların zirvə tədbiri olaraq Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Prezident İlham Əliyev forumdakı çıxışında bu məqamlara toxunaraq, Azərbaycanın həmişə İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olduğunu, bu istiqamətdə çoxsaylı tədbirlər və təşəbbüslər həyata keçirdiyini bildirib. O, təəssüf ki, hazırda böyük həmrəylik müşahidə olunmadığını, gərginliyin artdığını, qarşılıqlı ittihamların səsləndiyini, dünyanın müxtəlif yerlərində müharibələrin getdiyini, bu durumun məyusedici olduğunu qeyd edib. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır; anlaşma zəiflədikcə vəziyyət daha da pisləşəcəkdir.

Azərbaycanın enerji və nəqliyyat layihələri ölkələr və xalqlar arasında sıx əlaqələr yaradır. Bu gün enerji diplomatiyasındakı uğurlar göz qabağındadır. Forumda bu məsələlərə xüsusi diqqət ayrılıb, ölkəmizin ənənəvi və bərpaolunan enerji sektorunda malik olduğu imkanlar, eləcə də yeni əməkdaşlıq formatlarının yaradılması potensialı nümayiş etdirilib. Azərbaycan artıq 16 ölkəyə qaz ixrac edir və bu göstəriciyə görə dünyada lider mövqedədir, imkanlar isə daha da genişləndiriləcək. Prezident Əliyev Avropa İttifaqının digər üzvləri ilə də danışıqların aparıldığını, təchizatın başlanması və həcmlərin artırılması ilə bağlı müraciətlərin olduğunu bildirib. Azərbaycan bu gün etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşdır; 10 il öncə ilə müqayisədə rolu daha da əhəmiyyətlidir. Avstriya və Almaniyaya qaz ixracına başlanılıb, Avropa və qlobal bazarda mövcudluğun gücləndirilməsi ümumi strategiyanın tərkib hissəsidir. Avropa bazarı premium bazar olduğu üçün orada imkanları artırmaqda maraqlıyıq. Prezident qeyd edib ki, əvvəllər ağlımıza gəlməyən bazarlara, məsələn, Suriyaya qaz nəql edirik və oradan qonşu ölkələrə keçid mümkündür, çünki orada da qaza böyük tələbat var.

IV Şuşa Qlobal Media Forumu müasir dövrün aktual problemlərinin müzakirəsi və Azərbaycanın mövqeyinin öyrənilməsi üçün geniş imkanlar açır. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki nüfuzu və qlobal məsələlərin həllinə töhfələri bir daha təsdiqləndi. Prezident Əliyev forumun məqsədini dünyanın müxtəlif bölgələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməsi, Qarabağ və Şuşa ilə tanış olması üçün mühit yaratmaq kimi izah etdi. O, qonaqların Qarabağın yenidən qurulması və inkişafını öz gözləri ilə gördüyünə əmin olduğunu bildirdi.

Azərbaycanın hazırkı əsas hədəflərindən biri Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, bu torpaqların cənnət məkanına çevrilməsi və soydaşlarımızın doğma yurdlarına qayıdışıdır. Prezident bu barədə iştirakçılara ətraflı məlumat verdi.

Azərbaycanın hər bir təşəbbüsünə beynəlxalq dəstək ölkəmizin həyata keçirdiyi siyasətin və inkişaf modelinin nümunəvi kimi qəbul edilməsinin göstəricisidir. Azərbaycan hər sahədə zəngin təcrübəyə malik olmaqla yanaşı, bu təcrübəni bölüşməkdə maraqlı olduğunu hər addımda nümayiş etdirir. Məqsəd dayanıqlı inkişafa nail olmaq, bu yolla sülh və təhlükəsizliyi təmin etməkdir. IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh quruculuğuna diqqəti çəkərək “Regionun və dünyanın gələcəyini necə görmək istəyirik?” sualına cavab axtarır. Prezident İlham Əliyev sülh quruculuğuna beynəlxalq dəstəyi yüksək qiymətləndirərək, bütün bunların regiondakı dinamikanı gücləndirəcəyini, Cənubi Qafqazı ərazi iddialarından və münaqişələrdən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcəyini bildirir.

Namiq Əhmədov ,
YAP Xəzər rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button