
Azərbaycan son illərdə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq münasibətlər sistemində etibarlı və nüfuzlu tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqlara əsaslanan siyasət həyata keçirərək mühüm uğurlara imza atır.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı aparılan müzakirələr göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya layihələri, ticarət əlaqələri və regional sabitlik kimi istiqamətlər tərəfdaşlığın əsas sütunlarını təşkil edir.
Azərbaycan bu gün Avropanın etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında da mühüm rol oynayır. Şərq–Qərb və Şimal–Cənub marşrutları ölkəmizin geostrateji əhəmiyyətini artırır, regionda iqtisadi inteqrasiyanın genişlənməsinə töhfə verir.
Eyni zamanda, ölkəmiz yaşıl enerji sahəsində həyata keçirdiyi layihələrlə dayanıqlı inkişaf məqsədlərinə sadiqliyini nümayiş etdirir. Günəş və külək enerjisi üzrə icra olunan layihələr Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik, inkişaf və etibarlı tərəfdaşlıq nümunəsi kimi tanınır. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına və uzunmüddətli inkişafının təmin olunmasına xidmət edir.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



