AnalitikaGündəmSiyasət

Azərbaycan–Avropa İttifaqı əməkdaşlığında yeni perspektivlər

2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Azərbaycana rəsmi səfər etmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş keçirmişdir. Görüşdən sonra liderlərin mətbuata verdikləri bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu, əməkdaşlığın təkcə enerji sahəsi ilə məhdudlaşmadığını, eyni zamanda nəqliyyat, rəqəmsal inkişaf, yaşıl enerji və regional təhlükəsizlik istiqamətlərini də əhatə etdiyini göstərmişdir.

Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər hazırda çox fəal inkişaf mərhələsindədir və son dövrlərdə yüksək səviyyəli qarşılıqlı təmaslar bunu bir daha təsdiqləyir. Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Dövlət başçısı qeyd etmişdir ki, qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların nəzərə alınması münasibətlərin əsas prinsipləridir.

Bəyanatda enerji əməkdaşlığı xüsusi yer tutmuşdur. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olduğunu bildirmiş, ölkənin təbii qaz ixracını uğurla davam etdirdiyini və Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini vurğulamışdır. Bununla yanaşı, yaşıl enerji sahəsində həyata keçirilən layihələrin gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olacağı qeyd edilmişdir. Azərbaycanın bərpa olunan enerji potensialının inkişaf etdirilməsi və bu sahədə Avropa ilə birgə layihələrin reallaşdırılması həm ölkənin iqtisadi inkişafına, həm də qlobal iqlim məqsədlərinə xidmət edir.

Prezident İlham Əliyev çıxışında regional sülh prosesinə də geniş yer ayırmışdır. O bildirmişdir ki, Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Dövlət başçısı qeyd etmişdir ki, bölgədə kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişlənməsi və etimad mühitinin formalaşması bütün region ölkələrinin inkişafına xidmət edəcəkdir. Bu baxımdan, Avropa İttifaqının regionda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri də müsbət qiymətləndirilmişdir . Eyni zamanda bəyanatda nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanları da diqqət mərkəzində olmuş, Azərbaycanın Şərq ilə Qərbi birləşdirən mühüm tranzit ölkəsinə çevrildiyini, müasir nəqliyyat infrastrukturu yaratdığını və Orta Dəhlizin inkişafına mühüm investisiyalar yatırdığını qeyd etmişdir. Bu marşrutun Avropa ilə Asiya arasında yükdaşımaların sürətləndirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığı vurğulanmışdır. Avropa Komissiyasının regionun nəqliyyat, enerji və rəqəmsal əlaqələrinin inkişafına maliyyə dəstəyi göstərmək niyyəti də əməkdaşlığın yeni perspektivlərini ortaya qoymuşdur.

Prezident İlham Əliyev iqtisadi əlaqələrin şaxələndirilməsinin vacibliyini də xüsusi qeyd etmişdir. Onun fikrincə, enerji sahəsində əldə olunan uğurlar digər istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Rəqəmsal texnologiyalar, investisiyalar, sənaye, innovasiya və yaşıl iqtisadiyyat sahələrində yeni layihələrin həyata keçirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

1 iyul 2026-cı il tarixli bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafına dair mühüm siyasi mesajlar ehtiva etmişdir. Çıxışlar zamanı  enerji təhlükəsizliyi, yaşıl enerji, regional sülh, nəqliyyat əlaqələri və iqtisadi əməkdaşlıq kimi prioritet istiqamətlər ön plana çəkilmişdir. Bəyanat göstərmişdir ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır və ölkə regional sabitlik, etibarlı tərəfdaşlıq və davamlı inkişaf naminə öz təşəbbüslərini gələcəkdə də davam etdirəcəkdir.

Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button