
31 may 2026-cı il tarixində İstanbul şəhərində Qurban bayramı münasibətilə Türkiyə Cəfərilərinin lideri Səlahəddin ÖZGÜNDÜZÜN rəhbərliyi ilə bayram tədbiri keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə Türkiyənin müxtəlif dövlət qurumlarının, siyasi partiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də Zeynəbiyyə icmasının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Türkiyə Cəfərilərinin lideri Səlahəddin ÖZGÜNDÜZ dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, bayramın tarixi, dini mahiyyəti və İslam dinindəki əhəmiyyəti barədə ətraflı məlumat verib.
Tədbirə dəvət olunan qonaqlar arasında həmyerlimiz, Türkiyədə ictimai fəaliyyəti ilə tanınan Qarabağ Müharibəsi Qazisi, ehtiyatda olan polkovnik Akif QASIMOV da iştirak edib. Qazimiz çıxışında tədbir iştirakçılarını salamlayaraq onların qurban bayramını təbrik edib, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı zamanı Azərbaycan xalqının və Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, işğal altında olmuş dini və müqəddəs məkanlarımızın azad edilməsindən bəhs edib.
Eyni zamanda, Akif Qasımov 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Cəfərilərinin lideri Səlahəddin ÖZGÜNDÜZÜN Azərbaycana göstərdiyi mənəvi dəstəyə görə qazilərimiz adından ona təşəkkürünü bildirib.
Öz növbəsində Səlahəddin Özgündüz 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlığı yüksək qiymətləndirərək, Azərbaycan cəmiyyətinin ölkə rəhbərliyinin ətrafında sıx birləşməsi sayəsində tarixi qələbənin qazanıldığını vurğulayıb. O, xüsusilə Şuşanın azad edilməsi əməliyyatı zamanı Azərbaycan əsgərlərinin mürəkkəb dağlıq ərazidə, fərdi silahlarla düşmənə qarşı misilsiz igidlik nümayiş etdirdiklərini qeyd edib.
Hörmətli şeyx Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, şəhid ailələrini, qazilərimizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib, onlara əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.
Tədbir bayram duasının oxunması və iştirakçıların qarşılıqlı bayramlaşması ilə başa çatıb.




