AnalitikaGündəmSiyasət

Zərifə xanim Əliyevanın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundaki fəaliyyəti

Görkəmli alim, yüksək insani keyfiyyətlərə malik olan, böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran akademik Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında təkcə elmi tədqiqatları ilə deyil, həm də pedaqoji fəaliyyəti ilə mühüm iz qoymuş görkəmli alimlərdən biridir.

Zərifə Əziz qızı Əliyeva 1947-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Moskva şəhərində yerləşən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçmiş vəəmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda ordinator vəzifəsində başlamış, daha sonra ordinatorluqdan baş elmi işçiliyə qədər yaradıcılıq yolu keçərək böyük mütəxəssis kimi formalaşmışdır.    

Zərifə xanım Əliyeva Tibb institutunu bitirdikdən və Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmoloğiya üzrə ixtisaslaşma kursu keçdikdən sonra 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmoloğiya İnstitutunda elmi fəaliyyətə başlayaraq ordinatorluqdan baş elmi işçiliyə qədər yaradıcılıq yolu keçərək böyük mütəxəssis kimi formalaşmışdır.

Keçən əsrin 40-50-ci illərində küləklərin tez-tez cövlan etdiyi Bakı şəhərində və respublikanın digər bölgələrində müxtəlif göz xəstəliklərinin, xüsusilə də Azərbaycanın bir çox cənub rayonlarının əhalisi arasında traxoma xəstəliynin əmələ gəlməsinə münbit şərait olduğuna görə, həm də 5 ildən çox davam edən 2-ci Dünya müharibəsinin yaratdığı çoxsaylı ağır nəticələrindən biri  kimi  traxoma xəstəliyinin geniş yayıldığı bir dövrdə Zərifə xanım Əliyeva həyatını məhz bu çətin problemlərin göz xəstəliklərinin diaqnostikası və müalicəisinə,onların müalicə metodlarının tapılmasına həsr edir.

  1960-cı illərdə Zərifə Əliyeva oftalmologiya sahəsində öncül tədqiqatlara başlamış, xüsusilə görmə orqanının peşə xəstəlikləri üzrə problemlərini araşdırmışdır. O dövrdə sənaye müəssisələrində kimyəvi maddələrin görmə orqanına təsiri ilə bağlı elmi məlumatlar məhdud idi. Z.Əliyeva ilk dəfə olaraq Azərbaycanda yod və şin sənayesinin zərərli təsirlərinin görmə üzvünə təsirini sistemli şəkildə öyrənmiş, bu sahədə elmi ədəbiyyatda analoqu olmayan tədqiqatlar aparmışdır. Onun bu sahədə apardığı araşdırmalar nəticəsində tetraxloretilen, pestisidlər, stirol buxarlarının orqanizmə xroniki təsiri zamanı görmə funksiyalarında baş verən dəyişikliklər 30-dan çox elmi əsərdə əks olunmuşdur. Bu tədqiqatlar zərərlərin patogen təsirinin biokimyəvi mexanizminin bir çox tərəflərini aydınlaşdırmağa imkan vermişdir və 1976-cı ildə Z.Ə.Əliyeva «Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

 1979-cu ildə keçmiş İttifaqda ilk dəfə olaraq akademik Zərifə xanım Əliyevanın şəxsi təşəbbüsü və iştirakı ilə istehsalatla elmin vəhdəti olan Bakı məişət kondisionerləri zavodunda Respublika Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya institutun peşə patologiyası üzrə problem laboratoriyası yaradılmışdır. Z.Ə.Əliyeva uzun illər ona rəhbərlik etmişdir. Burada müxtəlif kimyəvi maddələrin və istehsalat tullantılarının görmə üzvünə xroniki təsirinin mexanizmləri öyrənilmiş, bu təsirə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar böyük müvəffəqiyyətlər qazanılmışdır.

Nursuz gözlərə dünyanının ən böyük nemətini- işığı yenidən qaytarmaq üçün daha səmərəli müalicə üsullarına daha tez nail olmaq arzusu ilə ürəyi döyünən Zərifə xanım Əliyeva Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına müvəffəqiyyətlə yiyələndikdən sonra vətənə qayıdır.

Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olmaqla bərabər elmi fəaliyyətinin elə ilk mərhələsində Azərbaycanda traxoma infeksion xəstəliyinin kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım traxomanın ağırlaşdığı hallarda ona qarşı daha təsirli vasitələrin tapılması və tətbiqi üsullarının öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən – sintomisindən istifadə olunmasına həsr edir. Zərifə xanımın bu sahədə apardığı uğurlu tədqiqatların nəticələri onun böyük bir cəsarətlə deyə bilərik ki,Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.

Zərifə xanım Əliyevanın məhsuldar elmi fəaliyyəti həmçinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun oftalmologiya kafedrası ilə bağlı olmuşdur.

Belə ki, 1982-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçilmiş,işlədiyiy müddət ərzində o, burada yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına mühüm töhfələr vermişdir. Kafedra müdiri kimi onun praktik həkimlik sahəsindəki fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə keçirilən klinik araşdırmalar, xəstə müayinələri və konsiliumlar gənc oftalmoloqların peşəkar inkişafında əhəmiyyətli rol oynamışdır.

Zərifə xanım Əliyeva dərs prosesində yalnız nəzəri biliklərin təqdimatı ilə kifayətlənmirdi. O, tibbi təhsildə praktik bacarıqlarınformalaşdırılmasına xüsusi önəm verir, həkimlərin real klinik situasiyalarda düzgün qərar qəbul etmə qabiliyyətini inkişaf etdirməyə çalışırdı. Onun yanaşması müasir tibbi təhsil prinsiplərinə uyğun olaraq nəzəriyyə ilə praktikanın vəhdətini təmin edirdi. Bu isə gənc mütəxəssislərin daha peşəkar və məsuliyyətli həkim kimi formalaşmasına şərait yaradırdı.

İnstitutdakı fəaliyyəti dövründə Zərifə Əliyeva oftalmologiya sahəsində əldə etdiyi elmi nəticələri pedaqoji prosesə inteqrasiya etmişdir. O, tələbələrə və həkimlərə müasir diaqnostika və müalicə üsullarını öyrədir, onları beynəlxalq elmi nailiyyətlərlə tanış edirdi. Onun dərsləri yalnız məlumat ötürülməsi deyil, eyni zamanda analitik düşüncə və klinik təfəkkürün inkişafına yönəlmiş interaktiv proses idi. Bu yanaşma onun pedaqoji fəaliyyətini daha effektiv və dəyərli edirdi.

Zərifə Əliyeva eyni zamanda gənc həkimlərin elmi tədqiqatlara cəlb olunmasına da böyük diqqət yetirirdi. O, tələbələrini yalnız hazır biliklərlə təmin etməklə kifayətlənmir, onları elmi araşdırmalara təşviq edir, klinik problemlərə tədqiqatçı yanaşma formalaşdırırdı. Bu, Azərbaycan tibb elminin gələcəkinkişafı üçün yeni nəsil alimlərin yetişdirilməsində mühüm rol oynamışdır.

Onun institutdakı fəaliyyəti həm də yüksək etik dəyərlərin aşılanması ilə xarakterizə olunurdu. Zərifə Əliyeva həkimlik peşəsinin yalnız texniki biliklərdən ibarət olmadığını, eyni zamanda insanlara qarşı məsuliyyət, mərhəmət və humanizm tələb etdiyini xüsusi vurğulayırdı. O, tələbələrinə xəstəyə hörmətlə yanaşmağı, peşə etikası normalarına riayət etməyi və insan həyatına yüksək dəyər verməyi öyrədirdi.

Ümumilikdə, Zərifə Əliyevanin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti ölkənin tibb təhsil sistemində keyfiyyətli kadr hazırlığının formalaşmasınamühüm töhfə vermişdir. Onun pedaqoji irsi bu gün də tibb təhsili sahəsində istifadə olunur və gələcək nəsillər üçün örnək kimi qalır. Bu fəaliyyət Azərbaycan səhiyyəsinin inkişafında onun elmi irsi qədər əhəmiyyətli yer tutur.

Həmin dövrdə Zərifə Əziz qızı Əliyeva göz xəstəlikləri üzrəixtisaslaşma və təkmilləşdirmə kurslarının həkim-dinləyiciləri ilə pedaqoji iş aparmaqla yanaşı həkimlik fəaliyyəti ilə də məşğul idi. Bu vaxtlar yaradılmış gözün peşə patologiyasına həsr olunmuş “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası şəraitində gözün patologiyası”, “Yod istehsalında gözün peşə xəstəliklərinin profilaktikası”, “Görmə üzvünün peşə xəstəlikləri” adlı monoqrafiyalarına və digər əsərlərinə görə o, dünyanın ən görkəmli alimləri arasında layiqli yer tutmuşdur.

Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları keçmiş sovetlər birlyində yüksək qiymətləndirilmiş və peşə xəstəliklərinə həsr olunmuş bir sıra elmi tədqiqatların nəticələrinə görə Z.Ə.Əliyeva SSRİ Elmlər Akademiyası tərəfindən akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdür.

Göstərilənlərdən əlavə, Zərifə xanım Əliyeva oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə-qlaukoma xəstəliyinin öyrənilməsi, qlaukomanın etiologiyası, diaqnostikası və müalicəsi, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi ilə bağlı bir sıra tədqiqatlar aparmış ,həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn «Herpetik göz xəstəliyi», «Ağır virus konyiktivləri», bir sıra elmi məqalələr və iki monoqrafiya – «Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası» və «Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi» monoqrafiyaları məhz bu məsələlərə həsr olunmuşdur.

Bundan başqa, görmə üzvünün peşə patalogiyası problemləri ilə yanaşı Z.Ə.Əliyeva həm də oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparırdı. Bu tədqiqatların nəticəsində “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fə fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” , “Terapevtik oftalmologiya” və başqa monoqrafiyalar çap edilmişdir.

Qeyd edilməlidir ki, Zərifə xanım Əliyeva təkcə tibb sahəsində deyil, ictimai həyatda da çox fəal olmuş o, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü MüdafiəKomitəsinin sədr müavini, “Bilik” Ümumittifaq Cəmiyyətinin İdarə Heyətinin üzvü, həmçinin Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü və“Vestnik oftalğmoloqii” jurnalının redaksiya heyətinin üzvü olmuşdur

Görkəmli alim və oftalmoloq Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və elmi tədqiqatlarına və səmərəli əmək fəaliyyətinə görə orden-medallarla təltif edilmiş,ona Azərbaycan Respublikası əməkdar elm xadimi fəxri adı verilmişdir,  2001-ci ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu onun adını daşıyır. Zərifə xanım Əliyevanın çoxşaxəli elmi yaradıcılığı 12 monoqrafiyada, 150-yə yaxın elmi işdə, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapmışdır.

 

Tibbi biliklərin əsasları və Mülki müdafiə kfedra
b/m Cahangirova Səadət Babaxan qızı

Oxşar Xəbərlər

Back to top button