
Aprelin 15-də YAP Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının inzibati binasında akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aktualinfo Media Qrup xəbər verir ki, Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev tədbiri açaraq, Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyəti barədə məruzə edib. Bildirib ki, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Sonra YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı olmasından, ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verməsindən danışıb.
Rayon Mərkəzi xəstəxanasının oftomoloqu Yeganə Əlişova, Heydər Əliyev Mərkəzinin bələdçisi Əzizə Kərimova çıxış edərək, alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticələrindən, tədqiqatlarında irəli sürülən yeni və effektli müalicə metodlarından, kompleks profilaktik tədbirlərinin qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqindən söhbət açıblar. Qeyd olunub ki, Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası, məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılib. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır. Zərifə xanım Əliyevanın çoxcəhətli elmi, tibbi fəaliyyəti təkcə, öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir, aktuallığını qoruyur və onun xatirəsi həmişə xalqımızın qəlbində yaşayır.



