
Son iki əsr ərzində Azərbaycan xalqı erməni millətçilərinin ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüz siyasətinə məruz qalmış, öz qədim yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər müxtəlif dövrlərdə xarici havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı terror və soyqırımı aktları həyata keçirmiş, bununla da məqsədyönlü etnik təmizləmə siyasəti yürütmüşlər.
Hələ Sovet hakimiyyəti dövründə Ermənistan rəhbərliyi dəfələrlə Qarabağa dair iddialar irəli sürmüş, lakin məqsədinə nail ola bilməmişdir. Bununla belə, 23 dekabr 1947-ci il tarixli SSRİ Nazirlər Sovetinin qərarı əsasında 1948-1953-cü illərdə azərbaycanlıların tarixi-etnik məskənlərindən – xüsusən də İrəvan şəhəri və ətraf rayonlardan – planlı şəkildə köçürülməsi həyata keçirilmişdir. Nəticədə, 150 minə yaxın azərbaycanlı zorla doğma yurdlarından çıxarılaraq Azərbaycan SSR-in Kür-Araz ovalığına məcburi şəkildə yerləşdirilmişdir.
XX əsrin 80-ci illərinin sonlarında ermənilər, regional və qlobal havadarlarının dəstəyinə arxalanaraq, “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün mövcud vəziyyətdən istifadə etmiş və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair yenidən əsassız ərazi iddiaları irəli sürmüşlər. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, İrəvanda və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə, eləcə də hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə, neqativ ictimai fikir formalaşdırılmışdı. Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMVnin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi və DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Artıq ictimai-siyasi vəziyyət böyük fəlakətin yaxınlaşmasından xəbər verirdi. Həmin ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.
Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımına və təcavüzə məruz qoyub didərgin salmışdır. Bu illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır. Eyni zamanda, bu dövrdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı təcavüzə məruz qalaraq zorakılıqla doğma yurdlarından qovuldu. Nəticədə, Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri aldıqları sağalmaz yaralardan sonra vəfat etmişdir. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxarılması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. Ümumilikdə, əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın 180 nəfər hərbi mütəxəssisi və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. 1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi. Elə həmin gün Şuşa işğal edildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan sərhədi boyu və Qarabağın dağlıq hissəsində atəşin dayandırılmasından erməni tərəfi, əslində, başqa məqsəd güdürmüş. Məhz bu görüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz niyyətlərini gizlətmək üçün lazım idi. Şübhəsiz ki, Ermənistan rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki Şuşanın işğalı Ermənistan rəhbərliyinin Tehranda danışıqlar apardığı vaxtla üst-üstə düşür və bağlanan sülh müqaviləsi mürəkkəbin quruduğu ana qədər qüvvədə qalmışdır. Bununla yanaşı, ermənilər, həmişə olduğu kimi, hücum ərəfəsində bütün dünyaya Şuşadan Xankəndiyə güclü hücumlar edilməsi barədə dezinformasiya yaymışdılarŞuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər isə yaralandı, 58 nəfər itkin düşdü. Şuşa işğal edildikdən az sonra ermənilər qısa müddət ərzində, yəni mayın 18-də Dağlıq Qarabağdan kənarda yerləşən qədim Azərbaycan şəhəri Laçını da zəbt etdilər. Nəticədə, 1835 kvadratkilometr ərazisi, 71 000 nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu.
Ermənistan silahlı qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək Dağlıq Qarabağ bölgəsinin (4,4 min kvadratkilometr) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdi. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizlənməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhalinin öz torpağında qaçqın vəziyyətinə düşməsinə gətirib çıxardı. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.
Qeyd edək ki, BMT ilk dəfə Qarabağ münaqişəsinə Kəlbəcər rayonun işğalından sonra müdaxilə etmiş, 1993-cü il 30 aprel tarixli 822 saylı qətnamə ilə Kəlbəcər rayonunun işğalından narahatlığını ifadə etmişdir. Həmin ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal edilmiş ərazilər haqqında 853 (Ağdam), 874 (Cəbrayıl), 884 (Qubadlı və Zəngilan) saylı qətnamələrdə də erməni hərbi birləşmələrinin işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdu. Lakin bu qətnamələrdən heç biri yerinə yetirilmədi. Bunu 2020-ci ildə Müzəffər ordumuz öz gücü hesabına yerinə yetirdi.
Beləliklə, Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, uzun illər məcburi köçkün həyatı yaşayan insanların doğma torpaqlarına qayıdış ümidlərini gücləndirmiş, bu sahədə bir sıra uğurlu addımlar atılmışdır.
Ümumiyyətlə, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin nəticələri təkcə XX əsrin sonlarında baş vermiş tarixi faciə ilə məhdudlaşmır, həm də gələcək üçün fundamental dərs xarakteri daşıyır. Bu hadisələr beynəlxalq münasibətlər sistemində bir daha təsdiq etdi ki, beynəlxalq hüququn səmərəliliyi qətnamə və bəyanatların qəbul edilməsi ilə deyil, onların praktiki icrası ilə müəyyən olunur. Qəbul edilmiş sənədlərin illərlə kağız üzərində qalması beynəlxalq hüququn icra mexanizmlərinin zəifliyini üzə çıxarmışdır. Azərbaycan isə 44 günlük Vətən müharibəsi ilə sübut etdi ki, beynəlxalq hüququn tətbiqi uzun müddət yubansa da, ədalət prinsipi gec-tez bərqərar olur.
Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin tarix müəllimi
Əsədova Əminə