AnalitikaGündəmSiyasət

Bu gün həqiqətən də tarixi bir gündür

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il 8 avqust Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzun müddətli münaqişənin həllinə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Cənubi Qafqaz regionunda “yeni dünya düzəni” üçün rəmzi bir dönüş nöqtəsi,  diplomatiya tariximizdə xüsusi bir hadisədir. Görüşün əsas nəticəsi sülh sazişinin paraflanması,  regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin açılması oldu; bu hadisə həm də Azərbaycanın diplomatik zəfəri kimi qiymətləndirilir. Başqa tərzdə desək,Azərbaycan Zəfərinin 5 illiyinə Diplomatik Zəfəri ilə adımmlayır. Maraqlıdır ki, hər iki təqvim 8 rəqəmi ilə tarixə düşdü. Bu, cənab prezident İlham Əliyevin addım-addım apardığı diplomatik fəaliyyətin uğurlu nəticəsidir, bir də ilahi ədalətin bərpasıdır.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu günü tarixi gün kimi belə şərh etmişdir:  “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır. Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik.”

44 günlük Vətən müharibəsindən sonra sülhün əldə edilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçridiyi siyasət nəhayət ki, öz məntiqi nəticəsini verdi. Cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə edildi ki, bu da bütün region üçün yeni bir dönəm, yeni bir eranın başlanması deməkdir.

Vaşinqton mərasimi beynəlxalq medianın diqqət mərkəzində oldu və ciddi ictimai rezonans doğurdu. AP, Reuters, CBS, FT və digər aparıcı nəşrlər tədbiri geniş işıqlandırdılar; bununla yanaşı, bəzi Qərb və regional şərhçilər bu razılaşmanın uzunmüddətli reallaşması üçün hələ də bir sıra praktiki maneələrin (Konstitusiyaya daxil ediləcək dəyişikliklər, sərhəd delimitasiyası, insan hüquqları məsələləri və s.) qalmasını vurğulayırlar. Əlbəttə, bu tarixi hadisə hamının maraq dairəsində ola bilməz. Təbii olaraq proseslərə müxtəlif don geyindirənlər də olacaq və qəbul etməyənlər də. Ancaq unutmayaq ki, regiona gələn yeni düzən artıq yola düşüb və geriyə yox, irəliyə addımlayır.

Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi sülh və təhlükəsizlik baxımından ABŞ-ın rolunu xüsusi qeyd edir, Donald Trampın sülhyaratma səylərinə görə  Nobel mükafatı namizədliyi məsələsini də irəli sürdülər.

8 avqust hadisəsi Azərbaycanın həm diplomatik, həm də iqtisadi səviyyədə strateji qazancı kimi qiymətləndirilə bilər. Bu mərhələ Beynəlxalq diplomatiyada da yeni etibar və mövqe qazandırır.

İqtisadi əməkdaşlıq üçün yeni kanallar açır: investisiyalar, nəqliyyat marşrutları, enerji və rəqəmsal texnologiyalarda birgə layihələr.

Geosiyasətdə ABŞ-ın regiondakı təsirinin artması ilə birlikdə, mövcud güc balanslarında dəyişikliklərə gətirib çıxara biləcək proseslər də gözlənilir.

Görüş zamanı ABŞ administrasiyası tərəfindən uzun müddətdir müzakirə olunan 907-ci düzəlişin dayandırılması ilə bağlı sənədin verilməsi də rəsmən elan edildi. Azərbaycan Prezidenti bu qərarı “33 il sonra ədalətin bərpası” kimi qiymətləndirdi, bu addım iki ölkə arasında iqtisadi-maliyyə əməkdaşlığını sürətləndirə və investisiya axınlarını gücləndirə bilər.

Görüşün diqqətçəkən elementlərindən biri də nəqliyyat dəhlizinə – Zəngəzur koridoruna regional və beynəlxalq kontekstdə yeni münasibət oldu. ABŞ-nin təşəbbüsü ilə dəhliz beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsi və təhlükəsizliyi üçün “Trump Route for International Peace and Prosperity” (qısaca TRIPP) adlandırıldı. Bununla bağlı kommersiya və təhlükəsizlik mexanizmləri üzərində ilkin razılaşma əldə edildi. Bu addım regionun logistika xəritəsini dəyişdirə və enerji-ticarət axınlarını yönləndirə bilər.

Prezident İlham Əliyevin 8 Avqust zəfəri Cənubi Qafqazdakı separatizmin, faşizmin, militarizmin süqutu ilə yanaşı, həm də erməni faşizminə dəstək verən qlobal güclərin strateji məğlubiyyəti deməkdir. Bu qələbə kənar güclərin Cənubu Qafqaza dağıdıcı və bədxah müdaxiləsi yolunda keçilməz əngəl, yarılmaz səddir. Hansı ki, Prezident İlham Əliyev Fransa və digər güclərin regionda yeni təxribatlar yaratmaq arzusunu bu razılaşma ilə puç etdi. Bütün bu bədxah, məkirli niyyətlər tarixin zibilliyinə atıldı.

Bu gündən bütün Cənubi Qafqazın həyatında yeni bir dövrü – sülh və sabitlik dövrü başlayır. Bu yeni dövrün səbəbkarı isə Prezident İlham Əliyevdir.  Bu isə o deməkdir ki, bütün region xalqları içində olduqları əmin-amanlığa və firavanlığa görə bundan sonra da eyni siyasi ismə – İlham Əliyevə borclu olacaq!

Əskərova Məxrub
Xəzər rayon
u,  92 №-li tam orta məktəbİn müəllimi

Oxşar Xəbərlər

Back to top button