
Prezident İlham Əliyevin ABŞ-a avqustun 7-də reallaşdırdığı səfər, Azərbaycan–ABŞ münasibətlərində strateji dönüş nöqtəsinə çevrildi. Donald Trampın yenidən prezident seçilməsi ilə ikitərəfli əlaqələrdə yaranan müsbət tendensiya, Vaşinqton görüşləri ilə daha da dərinləşdi.
Ağ Evdə keçirilən üçtərəfli zirvə görüşündə Azərbaycan, ABŞ və Ermənistan liderləri tərəfindən imzalanan Birgə Bəyannamə, regionda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın əsaslarını müəyyənləşdirdi. Sənəddə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması və Ermənistan üçün beynəlxalq bağlantı imkanlarının yaradılması nəzərdə tutuldu.
Prezident İlham Əliyev, ABŞ ilə strateji tərəfdaşlıq yoluna qədəm qoyulduğunu bəyan etdi. Bu məqsədlə Strateji İşçi Qrupu yaradıldı və yaxın aylarda Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması qərara alındı.
Səfərin iqtisadi nəticələri də əhəmiyyətlidir: SOCAR və ExxonMobil arasında əməkdaşlıq memorandumu imzalandı, 33 il qüvvədə olan 907-ci düzəliş ləğv edildi. Bu addımlar, iki ölkə arasında enerji, nəqliyyat, texnologiya və müdafiə sahələrində əməkdaşlıq üçün yeni imkanlar açır.
Vaşinqton razılaşması, Azərbaycanın hərbi zəfərini diplomatik qələbə ilə tamamladı və Zəngəzur dəhlizinin açılması istiqamətində qəti irəliləyiş təmin etdi.
Vüsalə Tağıyeva,
Yeni Azərbaycan Partiyasının fəalı