Bu gün xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı törədilmişdir. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu cinayətin iştirakçıları məlumdur. Bunlar Ermənistan Respublikası silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir. Əvvəlcə Xocalı toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilmişdir. Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra piyada qüvvələr bir neçə istiqamətdən şəhərə girmişlər. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmişdir. 487 nəfər şikəst edilmişdir. 1275 sakin-qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Xocalı həqiqətlərini dünyaya çatdırmaq yolunda müstəsna xidmətləri olan “Xocalıya ədalət “ kampaniyasını qeyd etmək mütləqdir. Adı çəkilən kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadlr. “Xocalıya ədalət” beynalxalq maarifləndirmə kampaniyasına 2008-ci ild start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda “Xocalıya ədalət” kampaniyasının müstəsna rolu danılmazdır.
Prezident İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalıda da üçrəngli Bayrağımızı ucaltdıqdan və mayın 28-də şəhərə qayıdışın başlanmasından sonra soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhları rahatdır. İlk dəfə olaraq bu soyqırımının 33-cü ildönümü məhz Xocalı şəhərində də anıldı. Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Xocalı şəhərində bərpa-quruculuq işlərinə start verildikdən cəmi bir neçə ay sonra keçmiş məcburi köçkünlərin qayıdışına başlanıldı. Doğma Xocalıya qayıdan sakinlərin sevincinin həddi-hüdudu yoxdur. Bütün xalqımız da bu hadisəyə sevinir. Çünki soyqırımına məruz qalmış Xocalıya 32 ildən sonra həyat qayıdır. Bu gün xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi