Analitika

Dünya ictimaiyyəti Ermənistanın törətdiyi ekoterrora susmamalıdır

Hazırkı dövrdə nəinki təkcə Azərbaycanın, bütünlükdə dünyanın diqqəti Laçın yoluna yönəlib. Baş tutan hadisələr xaricdən yeni bir şey kimi görünsə də, nəticə etibarı ilə isə 1988-ci ildə sözügedən ərazidə Azərbaycanın dilbər bir guşəsi olan Qarabağda baş verən hadisələrlə bir xeyli oxşarlıq təşkil edir. Elə həmin vaxt da Azərbaycan vətəndaşlarının tələbi ekologiya ilə, ekoloji normanın tənzimlənməsi idi. Amma umduğumuz kimi bir nəticə aldıqmı? Əlbəttə ki, xeyr. Ermənilərin ekoterrorunun qarşısı nəinki alınmadı, hətta əvəzində onların fəaliyyətinə geniş imkanlar yaradıldı. Bugünkü dövrdə hər bir azərbaycanlının başı ucadır. Ürək yanğımız, uğrunda neçə neçə igidlərimizin şəhidlik zirvəsinə ucaldığı əzəli torpaqlarımız mərd oğullarımız tərəfindən geri qaytarıldı, yurdumuz azadlığına qovuşdu. Amma öz torpaqlarımızda hələ də erməni əsilli insanlar yaşayır. Düşüncələrində, ürəklərində, ideyalarında isə heç bir dəyişiklik yoxdur. Necə deyərlər, eyni hamam, eyni tas. Daşnaklar yenə də Rusiya sülhməramlılarının kölgəsinə sığına-sığına, hər cür riyakarlığa əl ataraq özlərinə dövlət qurmaq istəyirlər. Hələ bu azmış kimi bu xam xəyallarına dəstək olmaq üçün Laçın yolu ilə Qarabağa müxtəlif çaplı silahlar, qadağan olunmuş yüklər daşıyan ermənilər Azərbaycan ərazilərindəki yataqlardan müxtəlif növ qiymətli qazıntıları xarici ölkələrə daşıyırlar. Azərbaycanlıların ekosistemin ermənilər tərəfindən bu formada vəhşicəsinə istismarını pisləyən bu nümayiş isə sözsüz ki, dinc xarakter daşıyır. Ermənilərin təbii sərvətlərimizi talamasına qarşı baş tutan aksiyada “STOP eko-terror!”, “Təbiəti qoruyaq!” şüarları səsləndirilir.  Azərbaycana aid olan ərazilərdə ekoterrora qeyri-şərtsiz son qoyulmalıdır. Bizim əsas məqsədimiz budur. Biz buna bütün hallarda nail olacağıq. Çünki ora bizim torpaqlarımızdır və biz öz torpaqlarımızda söz sahibiyik. Bu bizim başlıca strateji məqsədimizdir. Öz torpaqlarımızda dayanmışıq və tələblərimizi irəli sürmüşük. Bu tələblər tamamilə əsaslıdır. Bizim torpaqlarımızda baş verən hadisələrə tam nəzarət etməyə hüququmuz var. Hələ bir neçə il əvvəl Ermənistan tərəfi qəsdən meşə yanğınları və bu kimi digər iyrəncliklərə əl ataraq sülhün bərqərar olmasına maneə törədirdilər. Amma Ermənistan tərəfi yenə də utanmazcasına bu halları inkar edirdi. Ümumiyyətlə bütün dünyada belə hallar aşkar olunduqda həmin əraziyə hərbi müdaxilə edilməli, bunu edənlər sərt şəkildə cəzalandırılmalıdır. Ekoloji terrorun  qarşısını almaq üçün ediləcək müdaxiləyə heç bir xarici qüvvə etiraz edə bilməz. İndiki şəraitdə isə mütamadi olaraq sülhməramlı qüvvələrlə birgə komissiya formasında reydlər keçirmək, nəzarəti davamlı etmək mütləqdir. İstənilən metodla, orada baş verə biləcək hər hansı formada ekoterrorun qarşısı alınmalıdır.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button