Pakistan Baş nazirininin ölkəmizə səfəri qarşılıqlı münasibətlərimizdə yeni perspektivlər açacaq
“Azərbaycan-Pakistan münasibətləri bu gün özünün ən yüksək inkişaf mərhələsindədir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra Pakistanla möhkəm təməllər üzərində qurulan siyasi əlaqələr daim inkişaf etdirilib və həmin münasibətlər bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəldilib. Bu baxımdan Azərbaycan-Pakistan tarixi əlaqələri xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə isə Azərbaycan-Pakistan münasibətləri müasir inkişaf mərhələsinə yüksəlib”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət başçıları səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsini yaşayır.Göründüyü kimi son vaxtlar iki ölkə arasındakı hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün öz səylərini əsirgəmirlər. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Bu baxımdan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri xüsusi əhəmiyyətə malikdir.
“Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri hər iki dövlət arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm mərhələdir. Bu səfər ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə əyani sübutdur. ”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Səfər çərçivəsində aparılan müzakirələr daha sıx əməkdaşlığa və qarşılıqlı rifaha təkan verərək səmərəli nəticələr verəcək.
Onun sözlərinə görə, Pakistan-Azərbaycan münasibətləri qarşılıqlı dəstək və etimad üzərində qurulub. Bütün məsələlərdə, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə Pakistanın və Azərbaycanın mövqeləri üst-üstə düşür. Şübhə yoxdur ki, bundan sonra da iki ölkə arasında münasibətlər dərinləşəcək və əməkdaşlığımız yüksələn xəttlə inkişaf edəcəkdir.