AnalitikaGündəmSiyasət

Zirvə görüşü Türk Dünyası üçün strateji əhəmiyyət daşıyan sahələrdə qarşılıqlı dəstəyin və inkişafın gücləndirilməsi üçün yeni perspektivlər açdı

Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı Türk Dünyası ölkələri arasında münasibətlərin hər zamankindən daha güclü və səmərəli olduğunu vurğuladı. Prezident, təşkilatın əsasının 2009-cu ildə imzalanan Naxçıvan Sazişi ilə qoyulduğunu xatırladaraq, bu birlik çərçivəsində əldə olunan uğurların Türk Dövlətləri Təşkilatının üzv ölkələrə böyük fayda gətirdiyini qeyd etdi. Azərbaycanın təşkilata maliyyə dəstəyi verəcəyini bəyan edən Prezident Əliyev, bunun qarşılıqlı fayda və uzunmüddətli əməkdaşlıq üçün zəruri olduğunu vurğuladı. O, xüsusilə təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı genişləndirməyin, Türk Dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyini ifadə etdi. Bu əməkdaşlıq, bölgədə sülh və sabitliyin təmin olunması və müstəqilliklərin qorunması baxımından xüsusi dəyər daşıyır.

Daha sonra, Prezident Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi üzrə artan roluna diqqət çəkdi. Bu dəhliz vasitəsilə yükdaşımaların genişləndiyini qeyd edən Prezident, Azərbaycanın həm coğrafi, həm də strateji üstünlüklərindən bəhrələnərək ticarət yollarını daha da inkişaf etdirdiyini bildirdi. Şərq-Qərb nəqliyyat dəhlizindəki bu artım, bölgədə ticarət əlaqələrinin inkişafına yeni imkanlar yaradır və Türk Dövlətləri Təşkilatı üzv ölkələrinin iqtisadi əməkdaşlığını gücləndirir.

Prezident İlham Əliyev, həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri barədə məlumat verdi. Bu ərazilərdə genişmiqyaslı layihələrin sürətlə davam etdiyini vurğulayan Prezident, yenidənqurma prosesinin ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm rol oynadığını bildirdi. O, bu ərazilərin inkişafının təkcə Azərbaycan üçün deyil, ümumilikdə Türk Dünyası üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin Azərbaycanın yanında olduğunu və bu dəstəyi əməldə də göstərdiklərini vurğulayan Prezident Əliyev, bu birliyin yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də mənəvi bağlarla möhkəmləndiyini bildirdi. Bu həmrəylik, Azərbaycanın beynəlxalq arenada daha güclü mövqedə olması və üzv ölkələrin bir-birinə dəstək nümayiş etdirməsi baxımından əhəmiyyətlidir.

Sonda Prezident İlham Əliyev Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi etməsi üçün irəli sürdüyü namizədlikdən bəhs etdi. O, 200-ə yaxın ölkənin Azərbaycanın bu təşəbbüsünü yekdilliklə dəstəklədiyini qeyd edərək, ölkəmizin qlobal iqlim məsələlərində fəal iştirak etməyə hazır olduğunu bildirdi. Prezident İlham Əliyevin bu çıxışı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və həmrəyliyin davam etdiyini, ortaq gələcək üçün səmərəli addımların atıldığını göstərdi. Zirvə görüşü Türk Dünyası üçün strateji əhəmiyyət daşıyan sahələrdə qarşılıqlı dəstəyin və inkişafın gücləndirilməsi üçün yeni perspektivlər açdı.

Sahil Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button