
Azərbaycan, Türkiyə və Pakistan arasında qurulan əlaqələr son dövrlərdə təkcə diplomatik münasibət səviyyəsindən çıxaraq dərin strateji əməkdaşlığa çevrilib. Bu üç ölkəni birləşdirən əsas amil ortaq tarixi, mədəni və dini dəyərlərdir. Lakin onların münasibətləri artıq duyğusal bağlardan çox daha geniş miqyasda – təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində real əməkdaşlıq formasında özünü göstərir.
Xüsusilə müdafiə sahəsində atılan addımlar əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Birgə hərbi təlimlər, texniki dəstək və təcrübə mübadiləsi regional sabitliyin təminatında mühüm rol oynayır. Bu təlimlər həm də üç ölkənin ordularının qarşılıqlı fəaliyyət imkanlarını artırır, böhran anlarında sürətli reaksiya potensialını formalaşdırır.
Ticarət və nəqliyyat sahəsində də mühüm irəliləyişlər müşahidə olunur. Azərbaycanın tranzit mövqeyi, Türkiyənin texnoloji üstünlükləri və Pakistanın insan resursu potensialı birləşərək geniş regional bazar yaratmaq üçün zəmin hazırlayır. Zəngəzur dəhlizi, Orta Dəhliz və Cənub dəhlizi layihələri bu üçlüyün logistika sahəsində güc mərkəzinə çevrilməsinə şərait yaradır.
Mədəniyyət, təhsil və informasiya sahələrində də inteqrasiya dərinləşir. Ümumi televiziya layihələri, gənclər forumları, tələbə proqramları və ortaq tarixi irsin təbliği bu əlaqələri daha da möhkəmləndirir. Üç qardaş ölkə artıq sadəcə tərəfdaş deyil, birgə gələcək quran bir güc alyansı kimi çıxış edir.
Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı