Analitika

Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi

Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva XX əsrin payına düşən görkəmli Azərbaycan qadınlarından və alimlərindən biri idi. O, sadə ailənin övladı deyildi. Z.Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şərur rayonunun Şahtaxtlı kəndində görkəmli alim, elm adamı, dövlət xadimi Əziz Əliyevin ailəsində doğulub. Atasına sevgisi onun sənət seçimini də müəyyən edir. Azərbaycan Tibb İnstitutunda, sonra Moskvada təhsil alır. Malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atasının estafetini uğurla davam etdirir. Sonra oftalmologiyanın elmi cəhətdən az öyrənilən sahəsi – görmə orqanının patologiyası ilə məşğul olur. İlk dəfə sənayenin müxtəlif sahələrində göz xəstəliklərinin profilaktikasına dair geniş tədqiqatlar aparır, ilk elmi-tədqiqat laboratoriyası yaradır, “Peşə oftalmologiyası”nın əsasını qoyur. Moskvada doktorluq dissertasiyası müdafiə edir. 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın idi. Əcnəbi həmkarları onu “Oftalmologiyanın mirvarisi” adlandırıblar. Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – ,,peşə oftalmologiyası”nın əsasını qoymuşdur.  Zərifə xanım Əliyeva xidmətlərinə görə orden və medallarla təltif olunmuş, Azərbaycanın Əməkdar Elm Xadimi kimi yüksək fəxri ada layiq görülmüşdür. Görkəmli alim Zərifə xanım Əliyeva ,,Terapevtik oftalmologiya”, ,,İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button