Zərifə xanım nur paylayan, gözlərə işıq, qəlblərə həyat eşqi bəxş edən, hamının sevgisini qazanmış bir insan idi
Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1932–1942-ci illərdə orta məktəbdə təhsil almışdır. 1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982–1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.
Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Bu əsərlər arasında “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və s. oftalmologiya elmində böyük rəğbətlə qarşılanmışdır. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və s. əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan “İridodiaqnostikanın əsasları” rəngli illüstrasiyalarla “Azərnəşr” tərəfindən, digər monoqrafiya isə “İridodiaqnostika” adı ilə 1988-ci ildə Moskvada nəşr edilmişdir. Qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır.
Zərifə xanım oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət olmaqla görmə problemli insanlara və ümumən ətrafındakı hər kəsə sözün həm həqiqi, həm də məcazi mənasında nur paylayan, gözlərə işıq, qəlblərə həyat eşqi bəxş edən, ətrafına gözəlliklər saçan mələk misallı bir insan olmuşdur. Görkəmli alim və təbibin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi mühüm nailiyyətlər, bunların əsasında yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Z.Əliyeva onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəhbəri və məsləhətçisi olmuşdur. Çox sayda beynəlxalq qurultay, konqres, simpoziumlarda iştirak etmiş akademik Z.Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Bakıda ilk dəfə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu yüksək səviyyədə keçirilmişdir (1977). Z.Əliyeva SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının (Moskva) redaksiya heyətinin, respublika “Bilik” Cəmiyyəti İdarə heyətinin üzvü olmuşdur.
AR Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzi akademik Z.Əliyevanın adını daşıyır, Bakı şəhərində mərkəzi küçələrdən birinə alimin adı verilmişdir.
Akafemik Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun əziz xatirəsi xalqımızın qılbində daim yaşayacaq.
İslam Bafadarov,
YAP-ın gənc fəalı