Analitika

Zərifə xanım Əliyevanın işıqlı xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaqdır

Azərbaycan səhiyyəsinə böyük töhfələr bəxş etmiş görkəmli akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında xidmətləri misilsizdir. 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan  Zərifə xanım Əliyeva praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirmiş həmin dövrdə Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində, eləcə də keçirilməsində fəal iştirak etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Uğurlu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilmiş və ölkəmiz bu xəstəlikdən xilas olmuşdur. Böyük alim Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.  Tale Zərifə xanıma elə bir insan qismət etmişdi ki, onunla tanışlığın nəticəsində Zərifə xanımın bütün həyatı dəyişmişdi. Onlar – siyasi hakimiyyətdəkilərin gözündən düşmüş keçmiş dövlət xadiminin qızı və dövlət təhlükəsizlik orqanlarının gələcək vəd edən gənc əməkdaşı bir yerdə olmaq üçün hansı sınaqlardan keçmədilər! Bu, onların “şəxsi sirri”dir”. “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”, Bəli, illər ötsə, qərinələr dolansa belə Zərifə xanım Əliyeva daim qəlblərdə yaşayacaq. Onun misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq. İllər keçsə belə bundan sonra da Zərifə Əliyeva ömrünün nurundan hamıya pay çatacaq. Böyük alim, tanınmış akademik Zərifə xanım Əliyevanın işıqlı xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaqdır.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button