GündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Zəfərin və Yenidən Doğuluşun Təcəssümü: Xankəndi Günü

Azərbaycanın müasir tarixinə həkk olunmuş əlamətdar günlərdən biri də Xankəndi şəhəri günüdür. Bu tarix sadəcə təqvimdəki bir gün deyil,milli qürurun, tarixi ədalətin bərpasının və xalqımızın bölünməz birliyinin rəmzidir. Şəhərin uzunillik həsrətdən sonra öz əsl sahiblərinə qayıtması, Qarabağda başlayan yeni dövrün ən parlaq səhifələrindən birini təşkil edir.

Tarixin Bərpası və Suverenliyin Zəfəri

Xankəndi əsrlər boyu Qarabağ xanlığının mədəni və siyasi həyatında mühüm rol oynamış, Azərbaycanın ayrılmaz parçası olmuşdur. İyirminci əsrin sonlarında baş verən işğal nəticəsində şəhər öz doğma sakinlərindən ayrı düşmüş, uzun illər boyunca erməni separatizminin mərkəzinə çevrilmişdi.

Lakin 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi üzərində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olundu. Dövlət bayrağımızın Xankəndidə ucaldılması yalnız ərazi bütövlüyümüzün deyil, ləyaqətimizin və tarixi ədalətin qələbəsi idi.

Bu gün Xankəndi sürətli bərpa və quruculuq dövrünü yaşayır. Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı layihələr şəhərin simasını kökündən dəyişir.

Yollar, elektrik, su və rabitə xətləri müasir standartlara uyğun şəkildə bərpa edilir.

 Qarabağ Universitetinin fəaliyyətə başlaması, Xankəndini bölgənin mühüm təhsil və elm mərkəzinə çevirir.

Şəhərə köçürülən sakinlər və tələbələr Xankəndiyə həyat, canlılıq və gələcəyə inam gətirir.

Xankəndi günü həm də şəhidlərimizin əziz xatirəsini yad etmək, qazilərimizin şücaətini və ordumuzun gücünü bir daha qürurla xatırlamaq məqamıdır.

Sülhün, quruculuğun və inkişafın simvoluna çevrilən Xankəndi, bundan sonra da Azərbaycanın işıqlı gələcəyinə xidmət edəcək, Qarabağın tacı kimi parlamağa davam edəcəkdir.

Həmidə Əliəvsərova,

KBTRI-nin həkim-pediatrı.

Oxşar Xəbərlər

Back to top button