AnalitikaGündəmSiyasət

Zəfər Paradı və Qarabağın Tacı- Şuşa

Azərbaycanın müasir tarixində ən qürurlu günlərdən biri 2020-ci ilin 8 noyabrında – Şuşanın azad olunması ilə başa çatan Vətən müharibəsi günləridir. Ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün qeyd olunması hər kəsdə sevinc hissi oyadır. Bu zəfər təkcə hərbi qələbə deyildi, həm də milli ruhun, birlik və həmrəyliyin təntənəsi idi. 10 dekabr 2020-ci ildə Bakıda keçirilən Zəfər Paradı bu möhtəşəm qələbənin bütün dünyaya nümayişi oldu. Zəfər Paradı Azərbaycanın gücünü, xalqının sarsılmaz iradəsini və qəhrəman ordusunun şücaətini bir daha təsdiqlədi. O gün Azadlıq meydanında Azərbaycan əsgərləri qürurla addımlayır, müasir hərbi texnika səliqə ilə nümayiş etdirilirdi.

Xüsusilə, Şuşanın azad olunmasında iştirak edən xüsusi təyinatlıların meydandan keçidi tamaşaçılara böyük duyğular yaşatdı. Şuşa isə bu zəfərin simvoluna çevrildi. Qarabağın tacı sayılan Şuşa əsrlər boyu Azərbaycan mədəniyyətinin, musiqisinin və ədəbiyyatının beşiyi olmuşdur. Xurşidbanu Natəvanın poeziyası, Üzeyir Hacıbəylinin musiqisi, Bülbülün səsi məhz bu torpaqda doğulmuşdu. Şuşa həm də qala şəhər idi – alınmaz, qürurlu və müqəddəs.

Şuşanın azad olunması ilə Azərbaycan xalqı öz kimliyini, tarixi və mədəni irsini bərpa etdi. Bu qələbə göstərdi ki, xalq bir amal uğrunda birləşəndə qarşısında heç bir güc dayana bilməz. Şuşa bu gün də Azərbaycan dövlətçiliyinin, milli həmrəyliyin və qürurun rəmzi olaraq qalır. Zəfər Paradı və Şuşanın azadlığı gələcək nəsillər üçün həm qəhrəmanlıq dərsi, həm də milli qürur mənbəyidir. Bu hadisələr Azərbaycan tarixində əbədi olaraq qalacaq və xalqımızın birlik ruhunu daim diri saxlayacaqdır.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Parada Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev komandanlıq etmişdir. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı. Bu Ölkə rəhbərinin elmə, biliyə, təhsilə verdiyi böyük dəyər idi.

Aygün Rzayeva
Xəzər rayonu, 117 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button